Bu gün Əhli-beytin (ə) uca məqamını çatdıran Mübahilə günüdür

Hicri-Qəməri tarixi ilə bu gün zilhiccə ayının 24-ə Mübahilə gününə təsadüf edir.
İslaminSesi – Allah-taala müqəddəs Quranda buyurur: “(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: Allahın lənəti yalancılara olsun.” (Ali-Imran 61)
Tarix və təfsir kitablarının müəllifləri İslam tarixində baş vermiş bir hadisəni nəql edilər ki, bu hadisə Peyğəmbərin (s) Əhli-beytinin (Əli Fatimə, Həsən və Hüseyn) Allah yanında olan hörmət və əzəmətini və o cümlədən müsəlmanlar arasındakı məqamlarını aşkar edir.”Mübahilə” adı ilə məşhur olan rəvayət belədir:
Nəcran keşiş və xristianlarlndan ibarət bir heyət həzrət Peyğəmbərin yanına gəlib, peyğəmbərlik (İsa Məsih və s.) haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, yuxarıdakı ayəni Peyğəmbərə (s) nazil edib buyurdu ki, Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə səhraya çıxsın. xristianlar də öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə səhraya çıxsınlar, birlikdə dua edib Allaha yalan bağlayanlara lənət diləsinlər.
Zəməxşəri Kəşşaf təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərək dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.
Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimə və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: Mən dua edərkən siz amin deyərsiniz.
Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz. Buna görə də onlar Peyğəmbərə (s) dedilər: Ey Əbul-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə
Zəməxşəri bu hadisəni nəql etdikdən sonra yuxarıda qeyd olunan Mübahilə ayəsinin təfsirinə və Əhli–beytin (ə) məqamını bəyan etməyə və Möminlərin anası Aişədən rəvayət etdiyi bir hədislə onların yüksəkliyini izah etməyə başlamışdır.
O, öz sözünün bir hissəsində belə deyir: Allah-taala bu ayədə Əhli-beyti (ə) həzrət Peyğəmbərin (s) özündən qabaq zikr etmişdir. Bununla Allah-taala onların xüsusi məqamlarına və öz dərgahında olan xüsusi mövqelərinə işarə edərək bildirmək istəyir ki, onlar böyük bir mənəvi dəyərə və rəhbər olmaq haqqına malikdirlər. Bu ayə Əshabi-kəsanın haqqında nazil olmuşdur. (Əshabi-kəsa ifadəsi o adamlara deyilir ki, Peyğəmbərin (s) əbasının altına yığışdılar və Təthir ayəsi onların barəsində nazil oldu. Onlar Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndən ibarətdir.)
Bu ayə Əhli-beytin (ə) fəzilət və üstünlüyünə ən böyük və ən möhkəm sübutdur. Həmçinin bu hadisə Peyğəmbərin (s) nübüvvətinin doğruluğuna ən aydın bir sübutdur. Çünki, heç kəs tərəfindən xristianların mübahiləni qəbul etməkləri nəql olunmamışdır.