ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün müsəlmanların doqquzuncu imamı həzrət Məhəmməd Təqinin mövlud günüdür

Bu gün müsəlmanların 9-cu imamının doğum günüdür

Qafqaz.ir -un məlumatına görə, həzrət İmam Məhəmməd Təqi (ə) hicri 195-ci ildə (miladi 811-ci il) rəcəbin 10-da Mədinə şəhərində dünyaya gəlib. Həzrət Məhəmməd Təqi (ə), həmçinin “Əbu Cəfər”, “İbn əl-Rza” ləqəblərilə də çağırılıb. İmamın anasının adı barədə mənbələrdə müxtəlif məlumatlar gəlib çatıb. Belə ki, müsəlmanların doqquzuncu imamını dünyaya gətirmiş qadın Səbikə, Həbibi, Xeyzəran, Dürrə və sair adlarla tarixə keçib.

Atası Həzrət İmam Rzaya (ə) Abbasi xəlifəsi Məmun tərəfindən vəliəhdlik vəzifəsi təklif edilən zaman İmam dörd yaşlı oğlu – Həzrət Məhəmməd Təqini (ə) Mədinədə qoyaraq Məmunun yanına yola düşür. Bu zaman İmamın tərəfdarları arasında onun başına bir iş gələcəyi təqdirdə növbəti imamın kim olacağı barədə suallar yaranmağa başlayır. Bu şübhələrə cavab olaraq İmam Rza (ə) hər dəfə kiçik yaşında peyğəmbərlik məqamına çatmış Həzrət İsa (ə) peyğəmbərin əhvalatını xatırladaraq cavab verir.

Hələ uşaq ikən Həzrət Məhəmməd Təqi (ə) “Cavad” (alicənab) ləqəbini qazanır. Atası Mədinəni tərk etdikdən sonra sakinlər problem və dərdlərini bölüşmək üçün onun yaşadığı evə axın edir, ehtiyac və çatışmazlıqlarını ona bildirirlər.

Atası Həzrət İmam Rza (ə) Xorasanda xəlifə Məmun tərəfindən zəhərlənərək şəhid edildikdən sonra hələ uşaq ikən Həzrət Məhəmməd Təqi (ə) müsəlmanların imamı olur. Mənbələr bu zaman onun 7, yaxud 9 yaşında olduğunu yazır. Yaşının azlığına baxmayaraq, qeyri-adi bilik və əxlaqı ilə İmam Cavad (ə) bu ilahi vəzifənin öhdəsindən layiqincə gəlir. Bu səbəbdən yaşının azlığı ilə böyük ilahi missiyanı daşıması baxımından İmam Cavad (ə) Həzrət İsa Məsihə (ə) bənzədilir.

Atası İmam Rzanı (ə) şəhid etdikdən sonra xəlifə Məmun İmam Məhəmməd Təqiyə (ə) nəzarəti artırmaq üçün qızını ona ərə verir. Bu evlilikdən bir il sonra İmam Cavad (ə) həyat yoldaşı Ümmül-Fəzl ilə birlikdə Mədinə şəhərinə qayıdır və ömrünü ilahi risalətin təlim və təbliğinə həsr edir. Burada İmam əslən Şimali Afrikadan olan Sumanə adlı qadınla da evlənir və ondan gələcəyin imamı olacaq övladı – Həzrət Əliyyən-Nəqi əl-Hadi (ə) dünyaya gəlir.

833-cü ildə xəlifə Məmunun vəfatından sonra Mötəsim-billah Abbasi xilafətində hakimiyyəti ələ alır. İmam Məhəmməd Təqini (ə) sevməyən yeni xəlifə 835-ci ildə Həzrəti Bağdada çağırır. Oğlu Həzrət Əli əl-Hadini (ə) Mədinədə tərk edən İmam Cavad (ə) xanımı ilə birlikdə Bağdada köçür. Bir il Bağdadda yaşadıqdan sonra xəlifə Mötəsimin təkidi ilə arvadı Ümmul-Fəzl İmamı zəhərləyərək şəhid edir.

Hicri 220-ci ilin (miladi 835-ci il) Zilqədə ayının sonuncu günündə 25 yaşında şəhid edilən İmam Cavadın (ə) cənazəsi babası İmam Muzeyi-Kazimin (ə) yanında torpağa tapşırılır. Bu iki imamın məzarı İraqda Kazimeyn adı ilə tanınır və bu gün müsəlmanların müqəddəs ziyarətgahlarından biridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button