Hökumət xarici medianı susdurub?
Mehman Əliyev: “İndi ikinci mərhələ gəlir”;
Arif Əliyev: “Maraqlı hadisələr baş vermədiyi üçün ölkəyə maraq böyük deyil”
Son aylar xarici mediada Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi məqalələrin sayı azalıb. Adətən seçki ilində başda Amerika və İngiltərə olmaqla, Qərb mediasının Azərbaycana yönəlik tənqidləri çox olsa da, bu il vəziyyət fərqlənib. Hazırda heç Türkiyə mətbuatı da Əliyevlər hakimiyyəti, seçkiöncəsi Azərbaycan mövzusunu gündəmə gətirmir. Bu isə hakimiyyətin artıq Qərb mətbuatını da susdurması ilə bağlı deyilənləri bir qədər möhkəmləndirir.
Amma ekspertlər bu mövzuda fərqli düşünür.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin media ilə bağlı hücum siyasətini “tufandan öncəki sakitlik” kimi qiymətləndirdi: “Azərbaycan da tufan ərəfəsindədir. Seçki tufan kimi olacaq. Ona görə də normal prosesdir. İyul ayına qədər bütün aparıcı dövlətlər, beynəlxalq qurumlar Azərbaycanla bağlı onlara lazım olan informasiyaları toplamışdı, artıq onların strategiyaları hazırdır. Bunu onların özlərindən də soruşmaq lazımdır. Bu mərhələ bitib. İndi ikinci mərhələ gəlir”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, dünya mediasının Azərbaycana biganəliyi hakimiyyətin həyata keçirdiyi hansısa müdafiə tədbirləri ilə bağlı deyil. Onun fikrincə, hadisələrin elə böyük vüsət almadığı şəraitdə Azərbaycanda mühüm hadisələr baş vermədiyi üçün ölkəyə maraq da böyük deyil: “Avropa qarşısına böyük məqsəd qoymayıb ki, Azərbaycandakı korrupsiyanı, qanunsuzluqları ifşa etsin. Hansısa mərhələdə informasiya bəhanəsi yaranır. Və bu bəhanə Azərbaycan dövlət rəhbərlərinin xaricdəki əmlakları ilə bağlı məsələlər idi. Bu, Avroviziya musiqi yarışmasından sonrakı növbəti dalğadır. Elə bir informasiya bəhanəsi olmadığı şəraitdə öz oxucusunu daha çox düşünür, nəinki Azərbaycan xalqının maraqlarını”.
Müsahibimizin sözlərinə görə, hazırda xarici media Suriyaya daha çox diqqət yetirir və bu maraq başa düşüləndir: “Çünki bu, o qədər də sadə mövzu deyil. Suriyada baş verənlər dünya üçün daha ağır ola bilər”.
deyerler