Doktoru azad edin!

Azərbaycanın ictimai, siyasi və dini camiəsində çox sevilən və hörmət bəslənən bir şəxsin karserdə saxlanılması, seçkiöncəsi hakim dairələrə yaxşı heç nə vəd etmir.
Barəsində danışdığım şəxs hamının tanıdığı və hazırda məhbus həyatı yaşayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovdur. Azərbaycan Tibb Universitetini bitirmiş şəxsin bu gün saxlanıldığı həbsxananın karserinə salınması və onunla vəkilinin belə görüşünə icazə verilməməsi insana təəssüf hissi keçirməkdən başqa çıxış yolu qoymur. Ölkəmizin inkişafı, çiçəklənməsi və ən əsası mənəviyyatla zənginləşməsində pay sahibi olacaq şəxsin ağır şərtlər altında zülmə məruz qalması heç də anlaşılan deyil.
Axı örnək götürdüyümüz Qərb, həm də bəyənmədiyimiz Şərq bu gün malik olduqları inkişaflara görə düşünən beyinlərinə borcludur. Bu gün inkişaf etmişlərin alim və mənəviyyatlı şəxslərə verdiyi dəyərdir ki, onları bu səviyyəyə çıxarıb. Bəs nə üçün biz bizdən olan üstünləri zindanlarda çürüdürük? Bu qədərmi özümüz özümüzə düşmən kəsilmişik? Axı uzaqgörən siyasətçi, istedadlı həkim və böyük din alimini zindanda qaranlıq bir çərçivəyə saxlamaq hansı ədalətdəndir? Azərbaycanın ictimai, siyasi və dini camiəsində çox sevilən və hörmət bəslənən bir şəxsin karserdə saxlanılması, seçkiöncəsi hakim dairələrə yaxşı heç nə vəd etmir. Onsuz da hicab daxil olmaqla bir çox dini qadağalar birbaşa və ya dolayısı yolla xalqla hakimiyyət arasında uçurum yaradıb. Bu gün Azərbaycanın inanclılarının çox sevdiyi bir şəxsin həbsxanada ağır şərtlər altında qalması ölkədə narazılıq yarada bilər. Doktor Səmədovun timsalında bütün həbsdə olan alim və dindarların, o cümlədən müxalif düşərgənin məhbuslarının azadlığa çıxması nəhayət bir gün baş verəcək. Amma bunun hansı dövrdə və hansı şərtlər altında reallaşması maraq doğuran məsələdir.
Orxan Hüseyn
Faktxeber