Cəmil Həsənli polisdən buraxıldı – ƏTRAFLI

17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlanıldığı bildirilir.
Bu haqda Turan-a Demokratik Qüvvələrin Milli Şurasından bildiriblər.
Məlumata görə, quruma üzv olan siyasi birliklərin yüzlərlə üzvü bu gün, noyabrın 17-də ziyarət üçün Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumları əməkdaşları onları xiyabana buraxmayıb.
Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinin saxlanıldığı bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Ruslan Qurbanlı da saxlanılanlar arasındadır. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail rayon Polis İdarəsinə aparılıb. Saxlanılanlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.
AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda idarənin həyətində saxlanılır. Onların arasında ürəyi gedənlərin olduğu bildirilir.
Hələlik rəsmi qurumlardan müxalifətçilərin saxlanılması ilə bağlı məluimat almaq mümkün olmayıb.
Saat 23:00-a yaxın DQMŞ sədri Cəmil Həsənli Səbayel Rayon Polis İdarəsindən buraxılıb.
O, Turan-ın müxbirinə bildirib ki, o və AXCP sədri Əli Kərimli polisdə onlara təklif olunan izahatnaməni yazmayıblar. “Biz onlara dedik ki, vəkillərimiz olmadan heç bir şey yazmayacağıq”, -C.Həsənli qeyd edib.
Onun sözlərinə görə, əvvəlcə Ə.Kərimli ilə eyni otaqda olub. Sonra Ə.Kərimlini başqa otağa aparıblar. Onun ardınca da C.Həsənlini oraya aparıblar. Saat 22:10-da C.Həsənlini yenidən başqa otağa aparıblar və sonra buraxıblar.
C.Həsənlinin sözlərinə görə, polisdə ona qarşı münasibət normal olub.
İdarədə izahatnamə yazmaqdan imtina etdiklərinə görə hər hansı dindirmə olmayıb.
“Saat 15:00-a yaxın Şəhidlər Xiyabanında olarkən bizə bildirdilər ki, aksiya qanunsuzdur. Ancaq biz dedik ki, bu nə yürüşdür, nə aksiya. Biz bura bayrama gəlmişik, Milli Dirçəliş Günü gəlmişik ki, şəhidlərin məzarına çiçək qoyaq”, – C.Həsənli bildirib.
O deyib ki, Polis İdarəsinin binası saxlanılanlarla dolu olub.
1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.
Hərəkat 17 gün davam edib və sonda sovet ordusunun zorakılığı ilə dağıdılıb.
1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.
Bu il həmin hərəkatın 30 ili tamam olur.