Ukraynada nə baş verir?
Səfirliklər boşaldılır, insanları ora getməməyə çağırırlar

ABŞ hökuməti Ukraynadakı bütün vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu barədə deyib: “Biz Kiyevdəki səfirliyimizdə əməkdaşlarımızın sayını azaltmağa davam edirik. Ukraynada qalan bütün amerikalı vətəndaşları ölkəni dərhal tərk etməyə çağırırıq. Risk kifayət qədər böyükdür”.
Bununla belə Ceyk Sallivan vurğulayıb ki, Avropada dislokasiya olunan ABŞ hərbçiləri Ukrayna ətrafında müharibə olarsa, Rusiya ilə savaşmayacaqlar. ABŞ hərbçiləri yalnız NATO üzrə müttəfiqlərini müdafiə edəcəklər.
Pentaqon bir az əvvəl məlumat yayıb ki, daha 3000 amerikalı hərbçi gələn həftə Polşaya göndəriləcək.
CNN bu arada xəbər yayıb ki, ABŞ Ukrayna ətrafındakı gərginliyə görə ATƏT-in Minsk qrupuna daxil olan müşahidəçilərini də Ukraynadan çıxarmaq niyyətindədir.
İngiltərənin Xarici İşlər Nazirliyi də vətəndaşlarını Ukraynaya getməkdən çəkindirib. Ukraynada olanlara isə kommersiya nəqliyyatı əlçatan ikən ölkəni tərk etmək tövsiyə olunub.
Əlavə edilib ki, Rusiyanın Ukraynada istənilən hərbi əməliyyatı Kiyevdəki İngiltərə səfirliyinin işinə ciddi təsir edəcək.
Digər tərəfdən ABŞ Prezidenti Co Bayden fevralın 11-də Avropa liderləri ilə danışıqlar aparıb. Hesab olunur ki, söhbətin əsas mövzusu Ukrayna ətrafındakı gərginlik olub.
Pentaqon bir az əvvəl məlumat yayıb ki, daha 3000 amerikalı hərbçi gələn həftə Polşaya göndəriləcək. Qurumdan verilən məlumata görə, Pentaqon rəhbəri Lloyd Ostin ABŞ 82-ci hava-desant diviziyasının qalan 3 minini Polşaya göndərmək barədə əmr verib.
NATO-nun Baş katibi Yens Stoltenberq isə Ukrayna ətrafında “istənilən ssenariyə” hazır olduqlarını bəyan edib.
Stoltenberq ABŞ prezidenti və digər qərb ölkələrinin liderləri ilə “Ukraynaya qarşı yüksək təcavüz riskini” müzakirə etdiyini deyib. Bu barədə o, Twitter-də yazıb.
Əsəb müharibəsinin qızışdığı şəraitdə Rusiya Qərb dövlətlərini provakasiyanı şiddətləndirməkdə ittiham edib.
Bununla bağlı ABŞ hərbçilərinin Polşaya göndərilməsini ABŞ-ın isterikası adlandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Anqlosakslar müharibə istəyirlər. Amerikanın hərbi-siyasi maşını insan ömürlərini əzməyə hazırdır.”
Rusiya XİN-dən həmçinin qeyd ediblər ki, qərb mətbuatı “Rusiyanın təcavüzü” barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ölkələrinin isyasi sifarişini yerinə yetirir.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov da Moskvanın tezliklə Kiyevə müdaxiləsi ilə bağlı açıqlamalara münasibət bildirib.
O, qərbliləri Rusiyaya qarşı təbliğat kampaniyasını gücləndirməkdə və ictimaiyyətdə qaçılmaz təcavüz barədə təsəvvür yaratmaqda günahlandırıb.