Cənab deputatlar, cavab verin

Deməli, Milli Məclisin bir qrup “ağıllı” və “vətənpərvər” deputatı, 10 iyunda Avropa Parlamentində Azərbaycanla bağlı keçirilmiş dinləmələrə görə bəyanat verib.
Bəyanatda deyilir: “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri qurumun sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Bu nə düşüncəsizlikdir?!
“Azərbaycanda siyasi məhbuslar yoxdur” deyən deputatlarımıza bəzi suallarım var. Əlinizi vicdanınıza qoyun və düzgün cavab verin. Murad Ədilovun narkotik daşımasına inanırsınızmı? Leyla Yunus kimi vətənsevər, ömrünün yarısından çoxunu bu xalqın uğrunda fəda etmiş bir xanımın vətənə xəyanət etdiyinə inanırsınızmı? Elvin Abdullayev kimi bir gənc tarixçinin narkotik istifadə etməsinə, satmasına inanırsınızmı? Hakimiyyətin iç üzünü açan, sadə vətəndaşların arxasında yarpaq kimi əsən Xədicə İsmayıl axı necə ola bilər ki, onları ölüm həddinə çatdırsın?
Əlinizi qoyun vicdanınıza və cavab verin. Azərbaycanı göz görə-görə uçuruma aparmayın! Qanunlarımızı yazan da sizsiniz, pozan da! Axı necə ola bilər ki, millət vəkilləri hökumətin səriştəsizliyinə, rüşvətxorluğuna, haqsızlığına qarşı çıxan millətə yox, hökumətə vəkillik etsin?! Deputatlar həm bialoji, həm irqi baxımdan qanla-canla avropalı olanları, az qala ermənilərdən əmələ gələnlər adlandırır.
Və özünü Azərbaycanlı adlandıranların bəyanatından növbəti parça “Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbsilə bağlı Avropa Parlamentindən səsləndirilən fikirləri “həqiqətdən uzaq” adlandırırıq”
Rəsul Cəfərov, İntiqam Əliyev kimi hüquq müdafiəçilərinim həbsi yalandır, yoxsa onlar cinayətkardı? Seymur Həzi kimi savadlı, intelektli, mədəniyyətli bir jurnalistin xuliqanlıq edəcəyinə inanırsınızmı? Axı sizin üçün sadaladığım bu 3 ad heç bir anlam vermir? Bunları danacaq qədər ucuzlaşmısız, cənab deputatlar?!
Deputatlarımız “həbs olunanlar konkret cinayət əməllərinə görə həbs olunublar. Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq
vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır”- deyiblər.
Cənab deputatlar, sizin sadaladığınız bu “cinayət fakt”larını sadə vətəndaş da ifşa edib. Yaxşı olar ki, vətəndaşın 15 manat qarşılığında məhkəmələrdə hal şahidi kimi çıxış etməsi barədə bəyanat verəsiz.
Oyuncaq məhkəmə proseslərindən, cinayətkar dövlət iddihamçılarından, satılmış məhkəmə hakimlərindən niyə danışmırsız?!
Erməniləri Azərbaycana gətirənlər də Avropa Parlamentidir? Ermənistan idmançılarının Azərbaycandakı bütün xərclərini çəkənlər də Avropa parlamentidir? Ermənistan bayraqını Azərbaycanda dalğalandıranlar da Avropa parlamentidir? Bəsdirin!
Bu gülünc bəyanatlarınız, şəxsi fikirləriniz bizə maraqlı deyil. Sadecə, əlinizi vicdanınıza qoyun, bu suallara cavab verin. Bizə cavab verə bilməsəniz də özünüzə cavab verin.