İranın rabitə və informasiya texnologiyaları naziri Bakıda Azərbaycan prezidenti ilə görüşüb

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Bakıya olan 2 günlük səfərinin sonunda, bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev ilə görüşüb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bu görüşdə İran prezidentinin gələn həftə Bakıya olacaq səfərinə işarə edərək, deyib: Cənab Həsən Ruhani ilə görüş mənim üçün çox sevindirici haldır. Mənim İrana olan səfərimdən bir neçə ay sonra, onun Azərbaycana səfər etməsi iki ölkə əlaqələrinin yüksək səviyyədə olmasının nişanəsidir.
İlham Əliyev iki ölkə əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyərək, əlavə edib: Bu səfərin də çox səmərəli və konstruktiv nəticələri olacaq.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi də bu görüşdə İran prezidentinin səmimi salamlarını cənab İlham Əliyevə çatdıraraq, cənab Həsən Ruhaninin Bakıya olacaq səfərini son dərəcə mühüm adlandırıb.
Görüşün davamında tərəflər şimal-cənub dəhlizinin önəminə və iki ölkənin dəmir yollarının bir-birinə birləşdirilməsinin əhəmiyyətinə təkid edərək, bu layihələrin region ölkələri tərəfindən də müsbət qarşılandığını qeyd ediblər.
M.Vaizi İran İslam Respublikası prezidentinin Azərbaycana olacaq səfərinə hazırlıq məqsədi ilə dünən Bakıya səfər etmişdi. Səfərin başa çatması ilə cənab Vaizi bu gecə Bakını Tehran istiqamətində tərk edəcək.