Çeçenistanda islamdan bəhs edən mahnıya klip çəkilib. Klipdə respublikanın rəhbəri Ramzan Kadırovun qızları oynayıblar.
Qafqaz.ir-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, bu barədə məlumatı R.Kadırovun müşaviri Adəm Şəhidov yayıb.
Onun sözlərinə əsasən, klipdə Xutmat, Təbarik və Aşura Kadırova bacıları çəkiliblər. Qızlar islam qayda-qanunlarının tələb etdiyi qiyafədə olublar. Çeçen dilində ifa edilən mahnı böyük bacı Xutmatla kiçik bacı Aşura arasındakı söhbət formatındadır.
R.Kadırovun səkkiz övladından altısı “Quran” hafizidir. Bunu ölkə rəhbəri hələ 2013-cü ilin mart ayında bəyan edib.
Xutmatın əvvəllər də dini mahnılar ifa etdiyi bildirilir.
Bildirək ki, “Qurani-kərim” 114 surədən ibarətdir. Müqəddəs kitabda 320 min hərf var.
Hazırda regionda beş hafiz məktəbi fəaliyyət göstərir. Təkcə son illərdə bu tədris ocaqlarında 200-dən çox hafiz hazırlanıb.