Daha bir həkim səhvi: 5 yaşlı uşaq öldü – Foto

Masallıda azyaşlı uşaq sünnət olunarkən dünyasını dəyişib.
İstipress-in cənub bürosunun məlumatına görə, hadisə rayonun Musaküçə kəndində baş verib.
5 yaşlı Hüseynov Kənan Abutalıb oğlunun sünnət olunmasından ötrü evə həkim çağırılıb. Uşağın yaxınlarının sözlərinə görə, həkim azyaşlının ağladığını və narahat olduğunu görərək ona 2 iynə vurub. Ardınca Kənanın yaxınlarının otaqdan çıxmasını tələb edib. Uşağın doğmaları deyirlər ki, sünnət olunmamışdan əvvəl həkim sakit olması üçün Kənana hədə qorxu gəlib. Qəfildən halı pisləşən Kənan sünnət olunmamış dünyasını dəyişib.
Azyaşlının meyiti ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə aparılıb. Hazırda faktla bağlı araşdırma başladılıb.
Qeyd edək ki, evin yeganə övladı olan Kənan Hüseynovun atası ötən il avtoqəzada dünyasını dəyişib.