İlham Əliyev isə vətəndaşların hərəsinin başına bir cür daş salmaqla, yerə düşən daş parçalarını qaldırıb yerinə qoymağa çalışır
Statistika Komitəsinin binası yaxınlığında qoyulmuş dahi Azərbaycan şairi Mikayıl Müşfiqin büstünün oradan götürülməsi prezident İlham Əliyevi yaman qəzəbləndirib. Qətiyyətlə deyib ki, bu işin təşəbbüskarları cəzalandırılacaqlar. Əlbəttə, biz də bir vətəndaş və bu xalqın bir övladı olaraq dahi, özü də qəhrəman dahi şairlərimizə qarşı hər növ hörmətsizliyi pisləyirik. Amma İlham Əliyevdən fərqli bir sürətdə. İlham Əliyev inanmıram bu işi Mikayıl Müşfiqə ehtiram əlaməti olaraq edib. Bəli, razıyam, zaman dəyişib, artıq hətta İlham Əliyevin özü belə onu ölkənin ən yekə kreslosunda oturdan atasının bir zamanlar heykəli önündə çıxış edib “qəhrəman oğul” adlandırdığı Stepan Şaumyanı bəyənmir. İndi sabah necə olacaq, o, Stepan haqqında nə deyəcək, işin burasıyla işimiz yoxdur. Faktiki olaraq o atasından fərqli bir mövqey ortaya qoyub. Əlbəttə bu siyasəti də məhz onu siyasətə gətirən atasından əxz edib.
Mən İlham Əliyevi bu yöndən deyil, başqa istiqamətdən tənqid etmək istərdim. Məsələ burasındadır ki, İlham Əliyevin ölkəsində vətəndaş daş yerinə qoyulur. Düzdür ki, daş da vətəndaşdır, lakin vətəndaş heç bir halda daş deyil. İlham Əliyev isə vətəndaşların hərəsinin başına bir cür daş salmaqla, yerə düşən daş parçalarını qaldırıb yerinə qoymağa çalışır. İşin ən pis tərəfi budur ki, mərhum şairimiz Mikayıl Müşfiq elə İlham Əliyev kimi insanları tənqid etdiyi üçün repressiya qurbanı olub. Mərhum Müşfiqin tənqid etdiyi Stalin ruhaniləri dəryaya tökürdü, İlham Əliyev isə zindanlara doldurur.
Əlbəttə, bu İlham Əliyevin daşa olan ilk məhəbbət və qayğısı deyil. O, bundan əvvəl həqiqi yaxud dastan qəhrəmanı olduğu şəxsən mənə hələ də bəlli olmayan Koroğlunun heykəlinin açılışı zamanı da Koroğlu haqda danışıb barəsində “Koroğlu gözəl vətəndaş olub” demişdi. Hansı ki, Koroğlunun özü də İlham Əliyev və onun oliqarx məmurlarının sələflərinə qarşı mübarizə aparıb. Koroğlu dastandırsa dastanda, həqiqətdirsə həyatda varlıdan alıb kasıba yedirdərdi, İlham Əliyev isə kasıbın boğazından kəsib məmurlara yedirdir. 100 yoxe, lap elə 200 faiz əminəm ki, Müşfiq bu gün sağ olsaydı İlham Əliyev onu vəzifə, pulla aldada bilməyəcəkdi. Yazdıqlarına isə dözüm nümayiş etdirməyəcək, onun da həbsini sifariş edəcəkdi. Koroğlu sağ olsaydı onun da yeri soyuq məhbəs olacaqdı.
Bəli, ölkəmiz qəribə ölkədir, daşlara hörmət qoyulur, amma vətəndaşlara isə zərrəcə hörmət qoyulmur. Əksini görmək ümidi ilə!