”Dedilər, ana-bacını gətirəcəyik yanına” – Nardaran məhbusları

Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərin yaxınları 19 avqustda mətbuat konfransı keçiriblər.
Noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunanların qohumları onların işgəncələrə məruz qaldığını bildiriblər. Konfrans iştirakçılarının sözlərinə görə, həbs olunanlara qoyulan maddələr həqiqəti əks etdirmir.
1995-ci il təvəllüdlü Aqil İsmayılovun babasının sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onu “ana-bacını bura gətirəcəyik” sözləri ilə hədələyiblər. Bundan sonra o, sənədi imzalayıb:
“Onun atası gedib erməni ilə döyüşüb. Bu, elə bil ki, erməni balasıdır. Vətənpərvər bir ailənin övladına divan tutublar, olmazın işgəncələr veriblər. Deyir ki, o təzyiqlərə dözə bilməyib, sənədi imzalamışam.”
Abbas Hüseynin bacısı Yasəmən Hüseyn də bildirib ki, qardaşına dəhşətli işgəncələr veriblər. O kürək nahiyəsindən iki güllə yarası alıb:
“Nardaranda haqsız yerə ataları şəhid olanlar var. Əgər dövlət nəyəsə nəzarət edirsə, xahişim var ki, “Nardaran soyqırımını bir daha vərəqləsin”.