Ramin İgidov: Şəhid Qasim Süleymani bir ölkənin deyil, bütün İslam ümmətinin şəhididir.
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbildə baş tutan şəhid Süleymani, Hərəm müdafiəçiləri və Qarabağ şəhidlərinin uca məqamının anılması beynəlxalq vibinarına qatılan Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov Fatimiyyə günləri və şəhid Qasim Süleymaninin şəhadəti ildönümü münasibətilə başsağlığı verib, şəhidləri “vətən şəhidi” və “ümmət şəhidi” olmaqla iki dəstəyə ayıraraq deyib: “Mübariz İbrahimov və Polad Həşimov kimi şəhidlər vətən şəhidləridir, könüllərin sərdarı şəhid Qasim Süleymani ümmət şəhidi sayılır.
Bu şəhidlərə öz rütbə və vəzifələrinə görə hörmət olunmur. Çünki hərbi cəhətdən çox yüksək rütbəli hərbçilər müharibələrdə şəhid olub, lakin yaddaşlarda qalmayıb.
Bu şəhidlərin həyat tərzi çox önəmlidir. Əsgərlərdən eşidirik ki, şəhid Polad Həşimov çox gözəl əxlaqa sahib, sadə və təvazökar insan olmuşdur. Hökumət tərəfindən ona verilmiş evi də şəhid ailəsinə bağışlamışdır.”
Şəhid Süleymani haqqında yazılmış kitablara toxunan R. İgidov deyib: “Şəhid Süleymaninin həyatına diqqət etdikdə görürük ki, o, təqvalı bir insan, övladları üçün mehriban ata, xalq üçün ürək yandıran bir şəxs olmuşdur, əsgərlərlə və onun rəhbərliyi altında fəaliyyət göstərən işçilərlə təvazökarlıqla rəftar etmişdir. O, sadə və xalq arasında olan bir şəxsiyyət idi. Təkcə İranda deyil, bütün dünyanın haqq-ədalət tərəfdarları arasında sevilirdi.”
Gürcüstan Müsəlmanları İdarəsinin sədri şəhidlərin xatirəsinin daim qəlblərdə qalacağını vurğulayaraq deyib: “Polad Həşimovun şəhadətindən sonra əsgərlər Qarabağ müharibəsində onu özlərinə örnək götürərək, işğal edilmiş ərazilərin böyük hissəsini ermənilərdən azad etdilər. Şəhid general Süleymani də bir çox İslam ölkələrində xalqın birliyinə səbəb oldu, düşmənlərin ölkələri məhv etməsinin qarşısını aldı. Şəhid Süleymani ümmət şəhididir və bir ölkəyə aid deyildir. Necə ki, şəhid Polad Həşimov məncə təkcə Azərbaycan Respublikasına deyil, bütün dünya azərbaycanlılarına aiddir.”
İgidov çıxışının sonunda deyib: “Şəhid Allah ilə ticarət edir və öz əziz canını Allah yolunda qurban verir, bunun əvəzində cənnəti özü üçün təzmin edir.”