Bir həftə əvvəl mətbuatda yayılan xəbərlərə görə Azərbaycanda cinsi azlıqların hüquqlarını qoruyan “Nəfəs LGBT Azərbaycan Alyansı” təşkilatı Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edib.
Alyansın sədri Cavid Atilla daxili işlər naziri Ramil Usubova müraciətində yerli idarələrdə polislərin cinsi azlıqları qarşılaşdıqları təhdid və təhlükələrdən mühafizə etməmələri səbəbindən şikayətçidir. Cinsi azlıqlar ictimai yerlərdə, universitet, iş yerlərində, ictimai yerlərdə ətrafdakılardan təhqir, alçaldıcı sözlər eşidir, hücumlara məruz qalır, döyülürlər.
Azərbaycan tolerantlıq üçün nümunəvi ölkədir, bununla belə sözsüz ki, cəmiyyətdə hər cür adamlar var, onların arasında elələri də var ki, cinsi azlıqlara qarşı aqressiv davranış sərgiləyə bilər, bu hisslə, təbiətlə, mentalitetlə də bağlıdır. Yəni birmənalı şəkildə heç kim iddia edə bilməz ki, Azərbaycanda və ya lap elə başqa hər hansı bir ölkədə cinsi azlıqlaraq qarşı hər hansı bir hücum olmayıb, kimsə onları təhqir etməyib və alçaltmayıb.
“Nəfəs LGBT Azərbaycan Alyansı”nın bu müraciətini cəmiyyətdə bir çoxları qulaqardına vurdu, bu da ondan irəli gəlir ki, xalq üçün daha vacib mövzular var, onları güzəranı ilə bağlı daha aktual problemlər narahat edir.
Bu gün isə yayılan xəbərlərə görə gənc fəal, cinsi azlıq İsa Şahmarlının özünü asaraq intihar etməsi məlum oldu. İsa Şahmarlı öz facebook səhifəsində intiharı haqqında da anons verib və sonra özünü asaraq ölüb, ölümündə də cəmiyyətin qeyləri qəbul etməməsində günahlandırıb (www.myvideo.az/).
Birincisi, onu qeyd etmək lazımdır ki, qeyləri müdafiə edən təşkilatın, alyansın təşkili Eurovision 2012-dən sonra vüsət aldı və aktivləşdi.
İkincisi, Azərbaycanda olan qeylərin fəal olduğu daha bir məkan sosial şəbəkələrdir ki, orda onlar öz problemlərindən danışır və müzakirələr aparır. Ancaq önəmli bir məqam bundadır ki, müzakirələr zamanı cinsi azlıqlar və ya onlarla müzakirələrdə iştirak edən digər sosial şəbəkə istifadəçiləri Azərbaycanda qeylərə qarşı cəmiyyətin dözümsüzlüyünü azərbycanlıların dini inancı ilə, burda müsəlmanların çoxluğu ilə, İslamın doqması ilə izah edirlər.
Müzakirələrin nəticəsində belə çıxır ki, guya Azərbaycanda əhali müsəlman olmasaydı, burda İslam dəyərləri mövcud olmasaydı cinsi azlıqlar da Azərbaycanda çox sərbəst, rahat yaşaya bilərdilər. Onların fikirlərindən belə çıxır ki, Azərbaycanda qeylərin bütün problemləri məhz İslamın dəyərlərindən irəli gəlir. Yəni üzdəniraqlar problemlərində, intiharlarında, onlara qarşı zorakılığın olmasında, ölümündə günahkar kimi İslamı bilirlər və bir çox hallarda bəziləri İranı İslam Respublikasını da ittiham edirlər. Ancaq bu səhv yanaşmadır.
Düzdür, İslamda cinsi azlıqlar alqışlanmır, ancaq bu günə qədər heç bir müsəlman kimisə qey olduğu üçün təhqir etməyib, döyməyib, təkcə ona görə yox ki, qeylərə münasibətdə normaldır, əsas ona görə ki, əliyev rejimi fəal dindar müsəlmanların demək olar hamısını atıb həbsə. Bundan başqa xaçpərəst ölkələrdə, məsələn, Rusiyada da xaçpərəst və dünyəvi rusların qeylərə tez tez hücum etməsi barədə faktlar az deyil. Ancaq müsəlman olmayan hər hansı bir Azərbaycan vətəndaşı öz baxışlarına görə qeylərə hücum edirsə bunu müsəlmanların üzdənirağa qarşı hücumu kimi qələmə vermək doğru deyil.
Mövcud vəziyyətdən isə ən çox əliyev rejimi yaralanır, belə ki, İlham Əliyev dünyaya göstərmək istəyir ki, Azərbaycanda qeylərə qarşı əsas aqressivliyi dini fəallar nümayiş etdirir, heç istisna da olunmur ki, “Nəfəs LGBT Azərbaycan Alyansı”nın da təşkilində elə hakimiyyətin önəmli rolu var. Sosial şəbəkələrdə də qeyləri İslamla və dini fəallarla, xüsusilə də İranla üz üzə qoyan yenə də əliyev rejiminin adamlarıdır. Bu da İlham Əliyevin növbəti fitnə mexanizmlərindən biridir ki, İslama, dini fəallara və İrana qarşı nifrət yaratsın.