Aktual

Dövlət idarələrində silinən milyonlar

Təkcə işsizlik müavinəti adı altında hər il bu qədər dövlət vəsaiti mənimsənilib

Azərbaycanda əmək birjaları varmış: Bu “ekzotik” məkanlarda boş iş yerləri təklif olunurmuş

Ötən sayımızda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) aparmalı olduğu islahatların istiqamətlərindən biri – cəza çəkməkdən azad edilmiş keçmiş məhbusların sosial adaptasiyası barədə yazmışdıq. Bu, geniş ictimaiyyətin məlumatsız olduğu böyük bir sahədir. Eyni zamanda ƏƏSMN də geniş fəaliyyət profilinə malik bir nazirlikdir. Nazirliyin tabeliyində olan çoxlu sayda strukturların sırasında Dövlət Məşğulluq Xidməti də var.

 İflic olmuş qurumun fəaliyyət istiqamətləri

 Əhali bu xidmət barədə məlumatlı olsa da, əslində nazirliyin bu fəaliyyət istiqaməti barədə təsəvvürlər kifayət qədər məhduddur. Çoxları bu xidməti işsizlərə müavinət verən orqan kimi təsəvvür edir. Reallıqda isə xidmətin vəzifələrinin sayı çoxdur, amma sabiq nazir Füzuli Ələkbərovun vaxtında bu sahə praktik olaraq iflic olub.

Ciddi islahatlara ehtiyacı olan Dövlət Məşğulluq Xidmətinin necə böyük bir struktur olduğunu anlamaq üçün qurumun fəaliyyət istiqamətləri və vəzifələrinə nəzər salmaq lazımdır. Hazırda iş axtaran, amma tapmaqda çətinlik çəkən oxucularımız üçün bu hissə kifayət qədər maraqlı olacaq.

Qurumun fəaliyyət istiqamətləri və vəzifələrinin hamısını bir qəzet yazısında əhatə etməyin mümkün olmadığını nəzərə alaraq, bunlardan yalnız bəzilərini seçib təqdim etmək zorundayıq. Beləliklə, Dövlət Məşğulluq Xidmətinin fəaliyyət istiqamətlərindən, sadəcə, bir hissəsi:

– Qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsili məqsədilə müvafiq tədbirləri həyata keçirir;

– Qanunvericiliyə uyğun olaraq işsizlik müavinətinin təyin olunmasını və ödənilməsini təmin edir;

– Qanunvericiliyə uyğun olaraq müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;

– İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə aktiv məşğulluq tədbirləri (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirir;

 “Qul yarmarkası” barədə xatirələr

 Yəqin ki, sonuncu fəaliyyət istiqaməti bəzi oxucuların yaddaşını təzələdi. Bir vaxtlar Bakıda əmək yarmarkaları təşkil edilirdi. Özü də bu yarmarkalarla bağlı hay-küylü reklam kampaniyası da həyata keçirilirdi. Burada boş iş yerləri təklif edən dövlət qurumları və özəl biznes nümayəndələri stol arxasında oturub işaxtaranlarla söhbət edir, şərtləri müzakirə edirdilər. Ardınca yarmarkada neçə nəfərin iş yeri tapdığına dair statistika açıqlanırdı.

Reallıqda isə hər şey başqa cür baş verirdi: Bəzi dövlət qurumları və şirkətlərin üzərinə öhdəlik qoyulurdu ki, onlar yarmarkada boş iş yerləri təklif etsinlər. İş yerlərinin əksəriyyəti qul əməyi tələb edirdi – bir qarın yeməyin puluna 10-12 saatlıq iş! Az sayda sərfəli iş yerləri isə əvvəlcədən razılaşdırılmış adamlara verilirdi – işəgötürənlər işə qəbul etmək istədikləri şəxsə tapşırırdılar ki, yarmarkada onlara yaxınlaşsın, guya bu adam bütün tələblərə cavab verdiyinə görə ədalətli şəkildə yarmarkada işə qəbul olunub. Az sonra bu tədbirin “anekdot” effekti verdiyini görüb birdəfəlik dayandırdılar.

 Bir az heyrətamiz, bir az da gülməli…

 Yuxarıdakı siyahıdan göründüyü kimi, Dövlət Məşğulluq Xidmətinin fəaliyyət sahəsi heç də, sadəcə, iş yeri təklif etmək və işsizliyə görə müavinət təyin etməklə məhdudlaşmır. Lazım gələrsə, iş axtaran insanların təhsillə bağlı problemlərinin həllinə də kömək etməlidir. Qurumun vəzifələri siyahısına baxdıqda isə indiyədək bu xidmətin əslində necə böyük bir korrupsiya ocağı olduğunu asanlıqla təsəvvür edəcəksiniz.

Beləliklə, Dövlət Məşğulluq Xidmətinin vəzifələri aşağıdakılardır:

– Əmək bazarında mövcud vəziyyəti öyrənməklə, iş qüvvəsinə olan tələb və təklifləri təhlil etmək, əmək ehtiyatlarına, işçi qüvvəsinin hərəkətinə dair proqnozlar hazırlamaq, təkliflər vermək;

– İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə dair proqnozlar hazırlamaq və müvafiq proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;

– Vətəndaşlara münasib işin seçimində və işə düzəlmələrində müvafiq qaydada köməklik göstərilməsini, işaxtaranların peşə hazırlığı və əlavə təhsili ilə bağlı tədbirlərin görülməsini təmin etmək;

– Məşğulluğa kömək məqsədilə işaxtaran və işsiz vətəndaşların qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmasını və işsiz statusunun verilməsini təmin etmək;

– İşaxtaran və işsiz vətəndaşlar üçün reşəuönümü və məsləhət xidməti, regional tədris mərkəzləri tədris kabinələri və əmək birjaları yaratmaq;

– Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə həmin şəxslərin müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təmin etmək;

– Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işsizlik müavinətinin ödənilməsinin dayandırılması və işsizlik müavinətinin ödənilməsinə xitam verilməsi ilə bağlı tədbirlər görmək;

– Əhalinin məşğulluğu və əmək bazarının vəziyyəti barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc etdirmək;

– Qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş hallarda təyinatı üzrə müvafiq vəsaitin köçürülməsinə nəzarəti təmin etmək;

– Əhalinin məşğulluğu haqqında statistik hesabatları aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim etmək;

– Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən müasir informasiya texnologiyaları ilə təmin edilməsi barədə təkliflər vermək;

– Vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək;

Əvvəllər öz yaşayış yeri üzrə Məşğulluq Mərkəzi ilə hər hansı formada ünsiyyətdə olmuş oxucular yəqin ki, bu siyahını oxuduqca bir az heyrətləndilər, bir az da güldülər. Elə siyahıda sonuncu vəzifəyə diqqət yetirin. Yəqin ki, Məşğulluq Xidmətinin tarixində hələ heç kim öz ərizə, təklif və şikayətinə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasına nail ola bilməyib. Bunu başa düşmək üçün sadəcə, Məşğulluq Mərkəzinə müraciət edin və alacağınız ilk cavab yazdıqlarımızı təsdiqləyəcək.

 MDB məkanında “korrupsiya yeniliyi”

 Vəzifələrin siyahısında maraqlı məqamlardan biri də əmək birjaları ilə bağlıdır. Əgər siz belə bir birjanı görməmisinizsə, bu o demək deyil ki, illər uzunu belə birjalar üçün büdcədən vəsait silinməyib. Formal olaraq belə birjalar mövcuddur və ƏƏSMN öyünürdü ki, bu, MDB-də ilk təcrübədir. Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində əmək birjaları mövcuddur. Xəbəriniz vardımı? Guya bu birjada işaxtaranlara iş yerləri təklif olunur. Belə birjalar barədə xəbərlər o dərəcədə “ekzotik” təəssürat yaradır ki, adam az qalır yerindən qalxıb o birjalardan birinə getsin və hər şeyi öz gözləri ilə görsün. Axı bu, MDB məkanında yenilikdir. Hər halda belə birjaların jurnalistlər üçün maraqlı reportaj yerləri olduğuna şübhə yoxdur…

 Vəifələrin “qaymağı” – müavinətlər

 Amma vəifələrin “qaymağı” heç də əmək birjalarının yaradılması deyil. ƏƏSMN-in məşğulluq fəaliyyətinin ən “qaymaqlı” yeri işsizlik statusunun verilməsi və müavinətlərin təyin edilməsidir. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 707 min nəfərdir və onlardan 4 465 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlardır. Yəni 240 mindən artıq adam işsizdir. Amma nədənsə ölkədə yalnız 37200 nəfər işsizlik statusuna malikdir. Məsələ burasındadır ki, sabiq nazir Füzuli Ələkbərov işsizlik statusunun verilməsinə qeyri-leqal qaydada qadağa qoymuşdu. Bu günlərdə redaksiyamıza müraciət edən Saatlı rayon sakininin şikayəti də bunu təsdiqləyir. Rayonun Məşğulluq Mərkəzi ona müvafiq iş yeri təklif edə bilməsə də, işsizlik statusu verməkdən də imtina edib, özü də bunu nazirin göstərişi ilə izah edib. Üstəlik, imtinanın yazılı şəkildə təqdim etməkdən də boyun qaçırıb.

 İldə 111 milyon manat!

 Bəs nazirlik nədən bu statusun və müavinətin verilməsinə xəsisliklə yanaşır? Əslində hazırda işsizliyə görə müavinət heç də pis məbləğ deyil. Bu ilin may ayında Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata əsasən, işsizliyə görə müavinətin orta aylıq məbləği 248,5 manat olub. Amma ƏƏSMN heç bir halda bu müavinəti alanların siyahısını açıqlamır. Elə korrupsiya da özünü burada təsdiq edir. Reallıqda işsizlik statusu alanların bəlkə də 95 faizi bu müavinətə ehtiyacı olmayanlardır. Məşğulluq Mərkəzlərinin əməkdaşları tanışlarının və qohumlarının adlarını siyahıya salıb onlara status verirlər. O adamlar müavinət şəklində bir qəpik də almırlar və bütün məbləğin uçotu nazirlik tərəfindən son qəpiyinədək aparılır. Bu məbləğin kiçik bir hissəsi rayon Məşğulluq Mərkəzlərinə “zəhmət haqqı” olaraq qalır. Qalan hissəsi isə vaxtlı-vaxtında nazirliyə çatdırılır. Doğrusu, Səlim Müslümov nazir vəzifəsinə təyin olunandan sonra da bu prosesin davam edib-etməyəcəyini bilmirik, amma bu vaxta qədər məhz belə olub.

Mənimsənilən dövlət vəsaitlərinin həcminə gəlincə, sadəcə olaraq, işsizlik statusuna sahib olan 37200 nəfəri orta aylıq müavinət məbləğinə, yəni 248,5 manata vurun: 9 milyon 244 min 200 manat! Bunu da il üzrə ayların sayına, yəni 12-yə vurun: Təqribən 111 milyon manat. Əminliklə deyə bilərik ki, hər il bu vəsaitin ən azı 100 milyon manatı mənimsənilib. Əlbəttə ki, bu vəsaitləri Füzuli Ələkbərovun şəriksiz mənimsədiyini düşünmürük. Axı müxtəlif dövlət nəzarəti qurumları var ki, onlar da bütün bunlara göz yumublar – göz yummaq isə havayı deyil.

Bəlkə də bu vaxta qədər Məşğulluq Mərkəzlərinin fəaliyyəti sizə xırda sahə kimi görünürdü. Fikrinizin dəyişdiyinə əminik…

 İslahatlara haradan başlamalı?..

 Bu sahədə islahatlara gəlincə, ilk addım işsizlik müavinəti alanların siyahısının rayonlar üzrə açıqlanması olmalıdır. Bu siyahı açıqlanmalıdır ki, insanlar müavinət alanların həqiqətən də işsizlər olduğunu görsünlər. Digər islahat haqqı çatanların hər birinə müavinətin təyin edilməsi olmalıdır. Hökumət statusların verilməsinə qadağa qoymaq əvəzinə, insanlara iş yerlərinin təklif edilməsini prioritetə çevirməlidir. Bu sahədə şəffaflığın təmin olunması isə bütövlükdə hökumətin və ardınca yeni nazir Səlim Müslümovun iradəsindən asılı olacaq. Ümidimizi itirməyək…

bizimyolinfo

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button