ArxivXəbər lentiXəbərlər

DÜNYA TƏKFİRÇİLƏRİN HƏRƏKƏTLƏRİNDƏN ƏZİYYƏT ÇƏKİR

AİM-in növbəti toplantısında din alimlərinə təzyiqlər pisləndi, terrorizmə şərait yaradan dövlətlər tənqid olundu

İslaminsesi.org saytının verdiyi xəbərə görə, bu gün AİP Analitik İnformasiya Mərkəzinin toplantısı keçirildi.

AİM-in növbəti yığıncağında din alimlərinə təzyiqlər pisləndi, terrorizmə şərait yaradan dövlətlər tənqid olundu. Bu barədə sayta AİM üzvü, AİP-in sədr müavini Vüqar İbayev məlumat verdi.

Toplantıda İran İslam Respublikasının Qum şəhərində keçirilmiş təkfirçi cərəyanlarla bağlı konfransın işi, Azərbaycanda həbs olunan din alimləri üzərində keçirilən məhkəmənin qərarları müzakirə olundu, ölkəmizdə və dünyada baş verən hadisələrə münasibət bildirildi.

Tədbiri açan AİM sədri Üzeyir Heydərli əvvəlcə Azərbaycanda tolerantlığın çox yüksək səviyyədə olması ilə bağlı deyilənlərə toxunaraq, təəssüflə bildirdi ki, ölkədə şiələrə olduğu qədər heç bir dini məzhəbə, missioner təşkilatlara təzyiq göstərilmir:

«20 ildir ki, Azərbaycanda ənənəvi dinin daşıyıcıları izlənir, təzyiq altında saxlanılır, həbsə atılır. Halbuki, indiyə qədər ənənəvi dinimizin heç bir daşıyıcısı xalqa, dövlətə, dövlətçiliyə qarşı pis fikir və əməldə olmayıb. Vəhhabilərin mövqeyi isə hər kəsə bəllidir. Onlar Azərbaycanda, necə deyərlər, at oynadırlar. Çox uzağa getməyək, elə bu yaxınlarda Qaraçuxur məscidinin yandırılması siqnal idi. Bir neçə dəfə belə hadisələr olub. Bu yaxınlarda İranda keçirilən konfransda Ayətullah Xameneyi qeyd etdi ki, İŞİD böyük bir ağacın budağıdır, amma budağı yox, ağacın özünü kəsmək lazımdır ki, problem birdəfəlik həll olunsun. Yəni məsələ bundadır ki, Əl-Qaidə terror təşkilatının özünü vaxtilə ABŞ yaradıb, Bin Ladeni də həmin təşkilata rəhbər kimi gətirib. Elə indi də Əl-Qaidəyə Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı, Qətər və digər dövlətlər dəstək verirlər».

Sələfilərə dəstəkdən danışan Ü.Heydərli dedi ki, belə bir dəstək Azərbaycanda da var:

«Məsələn, tək bir küçədə 37 mağaza fəaliyyət göstərir ki, onların hamısını vəhabilər işlədir. Ona görə də bizim dövlət məmurları onları birbaşa hədəfləmək istəmirlər. Ölkəmizdə elə yerlər var ki, ora xristianları qəbul edənlər mütəmadi olaraq axışırlar. Mən bunu polis rəisinə bildirəndə dedi ki, onları ABŞ səfirliyi maliyyələşdirir, ona görə heç kəs bir söz deyə bilmir. Baxın, terror hadisələri də belə biganəlikdən qaynaqlanır. Belə hallara qarşı mübarizə aparan yeganə qurum AİP-dir ki, ona da daim təzyiq göstərilir».

AİP-in sədr əvəzi Elçin Manafov da qonşu dövlətdə keçirilən konfransa toxunaraq qeyd etdi ki, bu məsələdə İranın qabağa düşməsi təqdirəlayiqdir. Bütün dünyanın, xüsusən də İslam dünyasının təkfirçilərin hərəkətlərindən əziyyət çəkdiyini vurğulayan E.Manafov, Azərbaycandan Suriyaya gedən adamların ölkəmizə gətirə biləcəyi fəlakətlərə də toxundu:

«Təsəvvür edin ki, onlar döyüşə yollanır, təlim keçir, vuruşur, peşəkarlaşır və ölməyib geri qayıdırlar. Bu halda ölkəmizi hansı bəlaların gözlədiyini təsəvvür etmək çətin deyil. ABŞ hökuməti hər bir ölkədə belələrinə şərait yaradır ki, öz çirkin məqsədlərinə yetişsin».

AİP sədri hesab etdiyini bildirdi ki, terrorçuluğa, təkfirçiliyə qarşı beynəlxalq tədbirlər davamlı olmalıdır: «Amma təkcə konfransda iştirak etməklə kifayətlənmək olmaz. Tədbirlərin lazımi nəticə verməsi üçün ciddi işləmək lazımdır. Ən azı maarifləndirmə işləri aparılmalıdır».

E.Manafov daha sonra AİP-in həbsdə olan lideri Hacı Mövsüm Səmədov, həmçinin Abgül Süleymanov və Tale Bağırov kimi din alimlərinə qarşı təzyiqləri, qərəzli münasibəti pislədi: «Çox maraqlıdır ki, bu adamlara qarşı təzyiqlərin güclənməsi sözügedən konfransla eyni vaxta təsadüf etdi. Xatırladım ki, Bakı İslam Mədəniyyəti Paytaxtı elan olunduğu ildə də dindarlara qarşı belə təzyiqlər çoxaldı».

AİP sədrinin müavini Vüqar İbayev də partiyanın lideri Mövsüm Səmədov, Tale Bağırov, Abgül Süleymanova qarşı qərəzli münasibətdən narahat olduğunu bildirdi və əlavə etdi ki, İslam ölkələri günahsız həbs olunan din alimlərinin azadlığa çıxması üçün öz mövqelərindən istifadə etməlidirlər.

Daha sonra ölkədə və beynəlxalq aləmdə gedən proseslər, baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı, münasibətlər sərgiləndi.

AİM üzvləri Rövşən Nuriyev, Elmar Səmədov, Fəyyaz Nəbizadə və digərləri də müzakirə olunan məsələlər barədə fikirlərini bildirdikdən sonra tədbirə yekun vuruldu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button