ArxivXəbər lentiXəbərlər

Düşmən ölkədə müharibə gözləntisi pik həddə

Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara intensivləşən qanunsuz səfərlərinin daha bir səbəbi; Qarabağ Rusiya üçün prioritet məsələdirsə…

Ermənistan iqtidarı aprel döyüşlərindən sonra panik vəziyyətdə olan və ölkəni daha sürətlə tərk eləməyə başlamış əhalini sakitləşdirməyin yollarını arayır. Bu üsullardan biri də Ermənistan rəsmilərinin Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkməklə guya heç bir təhlükənin, müharibə ehtimalının olmadığı haqda öz vətəndaşlarına inandırmağa, bir az da onlarda ruh yüksəkliyi yaratmağa çalışmasıdır.

Xəbər verdiyimiz kimi, az öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Kəlbəcərə qanunsuz yolla, “arxa qapı”dan girərək, orada albanlara məxsus kilsənin erməni kilsəsi kimi təqdim eləməyə hesablanmış tədbirdə iştirak edib. Bu günlərdə isə erməni baş nazir Karen Karapetyan işğal altındakı Kəlbəcərdə və Talış kəndində olub.
Bəllidir ki, Talış ötən ilin 4 günlük aprel müharibəsindən sonra Azərbaycan Ordusunun birbaşa hədəfi altına düşən kənddir. Sözsüz ki, Karapetyanın bu qanunsuz səfəri də öncəliklə separatçı bölgədəki əhalidə xofu və sürətlənən emiqrasiyanı zəiflətməyə, bütövlükdə erməni cəmiyyətində pik həddə çatan müharibə gözləntisini zəiflətməyə yönəlib.
Ancaq çətin ki, bu üsullar səmərə versin. Əsas da ona görə ki, hamıdan yaxşı məhz sadə ermənilər yaxşı bilir: nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır və bu torpaqları Ermənistan qaytarmağa hazırlaşmır, müharibə bitməyib və o hər an qızışa bilər.
Aprel döyüşlərindən söz düşmüşkən, indi də ermənilər iddia eləməyə başlayıb ki, guya o vaxt israilli hərbçi mütəxəssislər Azərbaycana kömək ediblər. Bu da Bakı-Təl Əviv münasibətlərini korlamaqla yanaşı, müstəsna olaraq yerli ictimai rəyə hesablanıb. Guya ki, Azərbaycan Ordusunun uğuru heç də öz uğuru deyil.
Təbii ki, belə uydurmalarla da ictimai rəyi sakitləşdirməyə ümid edirlər. Halbuki, Azərbaycan silahlı qüvvələri heç bir dost-tərəfdaş ölkənin birbaşa hərbi dəstəyi olmadan işğalçının öhdəsindən gələ bilər.
***
Müharibə ehtimalı isə qalır. Nə qədər ki, sülh danışıqlarında işıq ucu görünmür, başqa cür ola da bilməz. Fakt odur ki, təcavüzkar tərəfin təxribatçı mövqeyi üzündən Qarabağ danışıqları, neçə vaxtdır, ümumiyyətlə, dayanıb. Bu ilin aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvada baş tutan sonuncu görüşü də nəticəsiz bitib. Hərçənd, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bu günlərdə bəyan elədi ki, sentyabrda BMT Baş Məclisi çərçivəsində nazirlərin növbəti görüşünün rellaşacağına, ardınca isə prezidentlərin görüşünün baş tutacağına ümid edir.
Lakin bu görüşlər nəyi dəyişəcək, əgər işğalçı tərəfin mövqeyində heç bir konstruktivlik müşahidə edilmirsə, təcavüzkar işğal altındakı ərazilərin bir qarşını belə azad eləməyə hazırlaşmırsa, kompromis deyəndə isə Dağlıq Qarabağın müstəqilliyi qarşılığında 5 rayonun azad edilməsini nəzərdə tutursa, yəni öz qanuni torpaqlarımızı öz qanuni torpaqlarımıza dəyişməyi təklif edirsə?
Şübhəsiz ki, Ermənistanın özünü belə həyasız şəkildə və arxayın aparmasının tək səbəbi ona vasitəçi dövlətlər, ələlxüsus Rusiya tərəfindən heç bir təzyiq göstərilməməsi ilə bağlıdır. Aşkar görünür ki, Moskva bu konflikti həll eləməyə tələsmir – əlində bənzərsiz imkanlar ola-ola. Di gəl, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova iddia edir ki, Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasətinin prioritetləri sırasındadır.
***
“Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib”.

Bu sözləri Mariya Zaxarova keçirdiyi son mətbuat konfransında deyib (APA). XİN rəsmisinin dediyinə görə, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb: “Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib”.
M.Zaxarova onu da qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər: “Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”.
Sözsüz ki, Rusiya XİN sözçüsü səmimi deyil və həmişəki kimi, yalan danışır. Birinci ona görə ki, “irəliləyiş münaqişə tərəflərinin iradəsindən asılıdır” fikri məntiqsizdir, nədən ki, münaqişə tərəfi olan Ermənistan bütünlüklə Rusiyadan asılıdır. İkincisi, Qarabağ məsələsi həqiqətən də Rusiya xarici siyasətinin prioritetlərindən, yəni həlli vacib sayılan əsas məsələlərindən biridirsə, o zaman nədən Moskva əlində heç bir vasitəçi ölkədə olmayan imkanlar ola-ola on illərdir konflikti çözmür? Bundan ötrü Kremlin İrəvana adicə göz ağartması da yetər.

Siyasət şöbəsi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button