Elçin Əmirbəyov 3+3 formatının əhəmiyyətini vurğulayıb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov regional problemlərin məhz region ölkələri tərəfindən həll edilməli olduğunu vurğulayıb .
“Ötən gün Tehranda keçirilən nazirlərin görüşündə “3+3″ formatının iştirakçıları konsensusa gəliblər ki, məhz region ölkələrinin regional problemlərinin həllində əsas rol oynaması lazımdır və bu mənada biz bu strateji əhəmiyyətli regionun gələcəyinin formalaşdırılmasında aidiyyət və iştirak hissimizi gücləndirmək niyyətindəyik”. Bunu BBC radiosunun canlı efirində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
“Bu mənada ölkələrin kənar oyunçuların regionun işlərinə zərərli xarici müdaxiləsinə qarşı çıxması təbiidir. Regiondankənar oyunçular çox vaxt öz mənfur daxili siyasətlərinə və maraqlarına əsaslanan “reseptləri”ni zorla Cənubi Qafqaz ölkələrinə qəbul etdirməyə çalışırlar”, – o vurğulayıb.
Elçin Əmirbəyov 3+3 formatında əməkdaşlıqların məqsədlərinə də toxunub: “Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud ciddi potensialdan istifadə etməkdir. Söhbət Cənubi Qafqazın üç dövləti ilə onların ən yaxın qonşuları – Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və s. kimi perspektivli sahələrdə əməkdaşlıq və praktiki qarşılıqlı fəaliyyətdən gedir”,- Əmirbəyov deyib.
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə Azərbaycan Respublikasının region ölkələri ilə əməkdaşlıq niyyətinin qərb dövlətləri tərəfindən təzyiqlərin artmasına səbəb olacağını proqnozlaşdırıb:
“3+3” formatından sonra bizə qarşı təzyiqlər artacaq və biz buna hazırlıqlı olmalıyıq”,- Deputat bildirib.
Komitə sədri vurğulayıb ki, bu gün Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin Azərbaycana qarşı ədalətsiz yanaşması hiss olunur.
Xatırladaq ki, 23 oktyabr 2023-cü il tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində birinci görüşü keçirilib. Görüşdə İran,Rusiya,Türkiyə,Azərbaycan və Ermənistan XİN rəhbərləri iştirak ediblər.