Eldəniz Quliyev: “Çovdarovun işi böyük görüntü yaradılan cılız mövzuya çevrilə bilər”

Akif Çovdarovun işi davam etdirilir. Şahidlərin ifadəsi alınır və proses faktların üzə çıxarılması ilə gedir. Ekspertlərin fikrincə bu proses tam gücü ilə aparılmır. Bu mövzu kifayət qədər səs küylü şəkildə davam etdirilməlidir. Çünki, ölkədə ciddi cinayətlərdə adı hallanan bir şəxsin işində sadəcə pul mənimsənilməsi mövzusu qabardılmamalıdır.
Milli Şuranın üzvü Eldəniz Quliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu prosesə obyektiv yanaşılacaqsa məhkəmə çox səs küylü keçəcək: “Ümumiyyətə bu qrupun ifşa edilməsinin özü kifayət qədər səs küylü bir proses oldu. Ona müvafiq olaraq məhkəmə prosesi də yeni faktların aşkarlanması prosesini aparır. Müşahidələrimizdən belə anlaşılır ki, bu insanlar mütəşəkkil cinayətkar dəstənin üzvləri imiş. Bu ölkənin həm iqtisadiyyatına, həm mənəviyyatına qənim kəsilən bu qurupun aşkarlanması kifayət qədər ciddi prosesdir. Düşünürəm ki, bu prosesə obyektiv yanaşılacaqsa məhkəmə çox səs küylü keçəcək. Yox, əgər bu prosesdə kimlərisə gizlətməyə cəhd edəcəksə, kimlərisə arxa plana salacaqlarsa, onda bu məhkəmə sadəcə böyük görüntü yaradılan çox cılız bir mövzuya çevriləcək. Ölkədə banditizim əleyhinə fəaliyyət göstərən bir qurum var. Sual olunur ki, nə üçün o idarə bu işi vaxtında aşkar edə bilməyib? Bu idarə yalnız kimlərisə şərləməklə, tutmaqla məşğuldur. Gözləri önündə bu boyda mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib, onlar isə ya bundan xəbərsiz olub, ya da buna göz yumublar. Bu isə təbii ki, insanı çox narahat edir”.