Eldəniz Quliyev: “Ortada korrupsiya faktı, laqeydlik, biganəlik var”

Paytaxt Bakının bəzi küçələri yağışlı gündə gölməçələrdən keçilməz duruma düşür. Elə yollar olur ki, onların bağlanması zəruri hal alır. Eyni zamanda gürşad yağışlarda isə bəzi insanların evlərinə qədər daxil olan sular sakinlərə ciddi maddi ziyan vurur. Bu səbəbdən ölkə başçısı Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam verib.
Milli Şuranın üzvü Eldəniz Quliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, kanalizasiya problemi çoxdan həll edilməli idi: “Əslində Bakının ən ciddi probleminin həlli ilə bağlı verilən sərəncam, istərdim ki, bir müsbət nəticə versin. Amma yolların asfalt örtüyü ilə döşəndikdən sonra yenidən sökülməsi artıq bir lətifə mövzusuna çevrilib. Sanki qarşılarına plan qoyublar ki, asfalt çəkilikdən sonra sökülsün və yenidən asfalt çəkilsin. Əslində kanalizasiya problemi çoxdan həll edilməli idi. Əgər bu problem həll edilməyibsə deməli ortada həm korrupsiya faktı var, həm laqeydlik, biganəlik var. Ölkənin paytaxtında əhəmiyyətli bir mövzuda səhlənkarlıq və laqeydlik varsa, deməli ortada bir cinayət məsuliyyəti də var. Bu komissiyanın yaranmasını təqdir edirəm. Düşünürəm ki, nə isə müsbət bir nəticələr əldə edilə bilər. Təəssüf ki, təcrübə bu cür komissiyaların yaranmasının problemin həlli istiqamətində ciddi rolunun olmadığını göstərir. Amma hər halda bu istiqamətdə hər hansısa bir addım atılırsa qoy atılsın və lazım olan bütün ictimai dəstəklər də göstərilsin, təki bu problem həll edilsin. Əslində kanalizasiya məsələsi tək yolların su basması mövzusu deyil. Bu problemin daha ciddi problem olduğunu qəbul etmək lazımdır. Əgər bu komissiya səmimi surətdə bu problemin həlli ilə məşğul olacaqsa, bu sərəncamı sadəcə dəstəkləmək olar”.