Malala Yusifzay, 16 yaşlı Pakistan vətəndaşı, qadın haqları aktivisti, elm və təhsil hüququnun amansız müdafiəçisi və ən başlıcası – dünya və qərb mediasının sevimlisi, “islamçı terroristlərə mətanətlə sinə gərən qəhrəman müsəlman övladı”, hər kəsin tanıdığı və hər kəsə tanıtdırılan, qüdrətli medianın hər zaman diqqət mərkəzində olan bir qızdır. Və siyahını bir az da uzada bilərik: Pakistanın Milli Sülh mükafatı, Amnesty İnternational Beynəlxalq İnsan Haqları Təşkilatının mükafatı, “Britaniyanın Fəxri” mükafatı, Saxarov və Anna Politkovskaya mükafatları laureatıdır. Nəhayət, yazdığı ilk kitab olan “Mən Malalayam” üçün Nobel mükafatına namizəd kimi təqdim edilən bu Şərq görünüşlü, amma qlobal beyinli, qaraqaş və qaragöz müsəlman qızı BMT-də nitqlə çıxış etmiş və ABŞ Prezidenti Barak Obama tərəfindən Ağ Evdə də qəbul edilmişdi. Hər yerdə həm cəsarətli, həm də xoşməramlı sülh göyərçini kimi təqdim edilən bu qız taliban qruplaşmasının hədəfində olan, müsəlman dünyası tərəfindən rədd edilən qəhrəman bir qız, ”əzilən müsəlman qadınları”nın bir simvolu olmuşdur.
Malala Pakistanın Svat vadisində yerləşən Minqora şəhərində doğulub, boya başa çatıb. Uşaqlıqda həkim olmaq istəsə də, atası onu siyasətə cəlb etmiş, populist çıxışlara yönləndirmişdir. Bloqunda qızları təhsildən məhrum etdiyi üçün taliban rejimini, İslam ekstremizmini tənqid edən Malala hədə-qorxulara baxmadan “fəaliyyətinə” davam etmiş və günlərin bir günü dərsdən evə gələrkən taliban əsgərlərinin hücumuna məruz qalmış və başından ağır yaralanmışdı. Maraqlıdır ki, sərrast atıcılıqları ilə məşhur olan taliblər Malalaya çox yaxın məsafədən silah açsalar da və iki yerdən yaralasalar da, öldürə bilmirlər. Daha da maraqlısı isə İngiltərədə Kraliçanın Birminqem xəstəxanasında başından yaralandığı üçün beyin əməliyyatı keçirən Malala dünya mediası qarşısına hər zamankı qara və gur saçları ilə çıxmış və bir çox ekspertlərin diqqətini çəkmişdi. Atası məktəb direktoru olan bu qızın indi təhsil haqlarından yana-yana bəhs etməsi heç də inandırıcı görünməsə də, onun “İslam ekstremizminə” cəsarətlə qarşı çıxan, bütün dünyada uşaqların və qadınların təhsil haqlarının fəal müdafiəçisi kimi tanınması qüdrətli media tərəfindən artıq təmin olunmuşdur. Əzilən sinfin nümayəndəsi, ən təbii ehtiyacları əlindən alınan milyonlarla yazıq müsəlman qızlardan biri kimi təqdim olunan, əslində zəngin ailədən olan Malala indi ailəsi ilə İngiltərədə yaşayaraq siyasi fəaliyyətini davam etdirir. Atası isə Pakistanın Birminqemdəki Konsulluğunda bir vəzifə ilə təmin olunmuşdur. Hər nitqindən sonra ayaq üstə alqışlanan Malala qələmini qılınca bənzətmiş, ingilis jurnalist Kristina Lemb ilə həmmüəllif olaraq (daha doğrusu, onun diqtəsi ilə) yazdığı kitabını isə “Mən Malalayam. Təhsil uğrunda mübarizə apardığı üçün talibanlar tərəfindən güllələnən bir qız” adlandırmışdır. Malalaya görə, “bir terrorist üçün savadlı qızdan qorxulu heç bir şey ola bilməz” və ona atılan güllə bütün müsəlman qızlarına atılmışdır.
Bütün müsəlman qızlarından söz düşmüşkən, diqqətinizə başqa bir qızı, İrakın Bağdad şəhərindən 20 km aralıda yerləşən Mahmudiyə qəsəbəsinin 14 yaşlı sakinini – Abir Qasım Həmzə Əl-Cənabini təqdim edirik. Malaladan fərqli olaraq, kasıb bir ailədə dünyaya gələn və amerikan işğalından sonra məktəbə də gedə bilməyən Abir kiçik bacısı ilə evdə qalmağa və anasına yardım etməyə məcbur olmuşdu. Talibanların nəzarəti altında olsa da, məktəbə gedə bilən, evində şəxsi bloqunu yarada biləcək qədər imkanlara malik olan Malaladan çox fərqlənirdi Abirin həyatı. Ölkəsini işğal edən amerikan əsgərlərinin hərbi bazası isə evlərindən cəmi 200 m aralıda yerləşirdi. O bazada Malalanın ciddi-cəhdlə can atdığı elm və təhsilə yiyələnmiş, “mədəni və inkişaf etmiş” cəmiyyətin üzvləri olan yüksək rütbəli amerikan hərbiçiləri vardı. Onlardan biri də Stiven Qrin idi. Abiri həyətlərində iş görərkən, küçədən keçərkən görmüş və diqqətini cəlb etmişdi. Qonşuların verdiyi ifadələrdə Stivenin ona dəfələrlə səsləndiyi, “əla” mənası ilə baş barmağını yuxarıda tutaraq işarətlər verdiyi görülmüşdü. Və belə günlərin birində 2006-cı ilin mart ayının 12-də Stiven Qrin özü kimi iki əsgər yoldaşı ilə birlikdə viski içib kart oynadıqdan sonra, əylənmək üçün Abirin yaşadığı evə gəlir. Qəflətən içəri girib Abiri qonşu otağa sürükləyən iki digər əsgər ona təcavüz edərkən, Stiven qızcığazın atasını, anasını və beş yaşlı bacısını oradaca güllələyir. Dostlarının ardınca özü də təcavüz etdikdən sonra, yastığı üzünə dayayaraq gülləsini bədbəxt uşağın başına sıxır. Bununla kifayətlənməyərək, iz qalmasın deyə evi yandırırlar. Bundan sonra heç bir şey olmamış kimi vəzifələrinə davam edib vaxtları çatanda qürurla vətənlərinə – “arzular və nağıllar dünyası” Amerikaya qayıdırlar. Və bu hadisədən uzun müddət Abirin yaxın qohumlarından başqa heç kimin xəbəri olmadı. ABŞ silahlı qüvvələri bu hadisəni yerli sünni-şiə qarşıdurması kimi qələmə verərək məsələni bağladılar. Lakin Abirin əmisi və digər qohumları bu işin ucunu buraxmayaraq səslərini hər yerdə qaldırmağa başladıqdan sonra ABŞ administrasiyası bu dəhşətli cinayəti qəbul etməyə məcbur oldu və əsgərlərini ömürlük həbs cəzasına məhkum etdi.
Şəkildə gördüyünüz Stiven Qrindir. Bu şəxs “ən azad ölkənin igid əsgəri”, mühakimə olunarkən özünə “ağlım başımda deyildi”, “məni oraya göndərməsəydilər, bu hərəkətləri də etməyəcəkdim” kimi bəraətlər qazandırmağa çalışsa da, son olaraq verdiyi bu ifadə bütün Qərb dünyasının ədalətini bizə açıqca nümayiş etdirir: “Biz iraklıların insan olduqlarını düşünmürdük”.
Balaca Abirin faciəsi statistik rəqəmlər içərisində itib-batmış milyonlarla insan faciəsindən biridir. Və bu müharibələrin layihələrini cızan, başlanmasına zəmin hazırlayan çirkin qüvvələr yalnız ölüm faciələrinə deyil, həm də insan mənəviyyatının çirkinləşməsinə, insanlığın aradan getməsinə səbəb vermiş olurlar. Sülh zamanlarında qarışqanı belə incitməyə ürək etməyən insan övladı savaş meydanında Şeytanı da törətdiyi əməllərlə mat qoya bilir. Ona görə də indi dünya ədəbiyyatında müharibə əleyhinə bir çox kitablar mövcuddur və hamısı da haqlıdır. Həris iddialar və yanlış qərarlarla başlayan bu savaşlar dünyaya yaşamaq və yaratmaq üçün gələn hər bir insana qarşı cinayət deməkdir. Amma insanların müəyyən bir qisminin torpaqlarını əlindən aldıqdan sonra, onların yeraltı və yerüstü sərvətlərinə sahib çıxdıqdan sonra sülhü tərənnüm etmək və müharibəni pisləmək heç də səmimi görünmür. Ədalət bərqərar olmadıqdan sonra sülhdən danışmaq, yenə də çirkin imperialist qüvvələrin dəyirmanına su tökmək deməkdir.
Bütün islamçı qüvvələri terrorist adlandıran və təhsilin bir nömrəli düşməni kimi göstərən Malala çıxışlarında İslamı da inkişaf və tərəqqidən geri qoyan bir din olduğunu şüurlara yerləşdirməkdə davam edir və bu “xidmətləri” müqabilində BMT tərəfindən onun şərəfinə “Malala günü” deyə bir bayram da təsis edilmişdir. Onun bu fəaliyyətinə açıq məktubla cavab verən bir Taliban əsgəri Malalanı bu faktlara diqqət etməyə çağırır: “İngiltərə tərəfindən işğal olunmadan öncə, Hindistandakı təhsil səviyyəsi haqqında sənə məlumat vermək istəyirəm. Yalnız onu təsəvvür etməyin kifayətdir ki, yerli və sadə insanlar Britaniya əsgərlərinə ərəb, hindi, urdu və fars dillərini öyrətmək üçün işə cəlb olunurdular. Müsəlman Osmanlı hökmdarları tərəfindən idarə olunan bu ölkələrdə hər şeydən çox məhz təhsil məsələlərinə vəsait ayrılırdı, bu ölkələrdə o zamanlar ən çox ehtiyac duyulan şeylər, ipək, kənd təsərrüfatı, tekstil və hətta gəmiqayırma sənayeləri inkişaf etmişdi. O dövrün məscidləri sənin indi gördüklərinə heç bənzəməz, o məscidlər elm və təhsil ocağı idi, hər məscid eyni zamanda həm də bir məktəb idi. Sənin indi təbliğ etməkdə olduğun təhsil sisteminin əsl mahiyyətini 1835-ci ildə Ser Makalayın Britaniya Parlamentindəki çıxışında tam çılpaqlığı ilə görə bilirik: “Bizim indi bütün fəaliyyətimiz, hökmranlığımız altında olan kütlə ilə özümüz arasında tərcüməçilər hazırlamaq olacaqdır. Bu elə bir insanlar sinfi olmalıdır ki, görünüşünə, dərisinə, qanına görə hindli, zövqünə, fikrinə, mənəviyyatına və intellektinə görə isə ingilis olsun”.
Bax belə, Malala, madam ki, insan haqlarından yüksək səslə danışmağa başlamısan, başına dəyən bircə gülləyə sərf etdiyin zamanın yarısını Amerika hökumətinin tətbiq etdiyi Drone hücumlarına da sərf et. Diqqətini bir az da Əfqanıstanda sadəcə gülləsini istifadə etmək üçün uşaqlı-qadınlı 16 nəfəri bir avtomat cərgəsi ilə yerə sərən Robert Belasa ayır. Özbəkistanda bir milyondan artıq müsəlman qadınının sterilizasiya olunmasına yönəlt. Və nəhayət, çox sevdiyin ABŞ-ın xarici işlər katibi, yəhudi əsilli Henri Kessingerin 1973-cü ildə “üçüncü dünya ölkələrinin əhalisinin 80%-ə qədər azaldılması” haqqında dediyi sözləri diqqətinə çatdıraraq, bir daha təkrar edirəm ki, sənin müdafiə etdiyin təhsil, insanlığa fayda verən təhsil deyil, bir sionist məhsulu, bir Obama ixtirasıdır”.
Yaşadığımız bu çətin zamanda kimin qəhrəman, kimin satqın olduğunu anlamaq bəzən mümkün olmur, sionist mediası dünyada baş verən hadisələri öz xeyirinə görə elə incə şəkildə dizayn edir ki, insanlar zalımla məzlumun yerini dəyişik salır, haqqı nahaqqa qurban verir. Elə ona görə də marionet liderlər tərəfindən idarə edilən müsəlman ölkələrində imanlı insanlar özləri də bilmədən zalımı dəstəkləyir, zülm altında əzilən dindaşlarının vəziyyətinə biganə qalır. Ən dəhşətlisi isə odur ki, özlərini belə faciələrdən sığorta olunmuş hesab edirlər, dünya sionizmini tanımadıqları üçün bu gün müttəfiq kimi görünən super güclərin onlara qarşı heç vaxt xəyanət etməyəcəyini zənn edirlər. Halbuki sionistin sionistdən başqa dostu olmaz və onlar Nəcib Fazilin də dediyi kimi, “bir yumurta bişirmək üçün bütün dünyanı oda-alova verəcək qədər zavallıdırlar”. Sionizm yalnız İslam əleyhinə deyil, bütün insanlığa qarşı yönəlmiş bir cərəyandır, onun əsas qayəsi bütün dünyadakı sərvətlərin kiçik bir qrup insanlara aid olması, bütün insanların bu kiçik qrupun mənafelərinə xidmət etməsidir. Allaha şükürlər olsun ki, artıq yalnız İslam ölkələrində deyil, dünyanın bir çox nöqtələrində, həmçinin də ABŞ-ın öz içində bunu anlayan və qarşı çıxan insanlar var və onların sayı durmadan artır.
Yazımı faşizm zamanında Almaniyada protestant keşişlərindən biri olmuş, Hitlərə qarşı açıq mübarizə aparan Martin Fridrix Nimöllerin sözləri ilə bitirmək istəyirəm: “Faşistlər kommunistlər üçün gələndə mən susdum, çünki kommunist deyildim, sonra onlar sosial-demokratların dalınca gəldilər, mən susdum, sosial-demokrat deyildim. Daha sonra onlar həmkarlar ittifaqlarının fəalları üçün gəldilər, mən susdum, həmkarlar ittifaqının üzvü deyildim. Bundan sonra onlar yəhudiləri almağa gəldilər, mən yenə də susdum, çünki yəhudi deyildim. Ən sonda onlar mənim üçün gəldilər və artıq o zaman məni müdafiə etmək üçün etiraz edəcək heç kim qalmamışdı”.