DİN həbsi təsdiq edir
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin 4 aylıq həbsini Daxili İşlər Nazirliyindən (DİN) də təsdiqləyiblər.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur. Bu barədə “Turan”a DİN Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib. Onun sözlərinə görə, “Mustafayev əməlini etiraf edib”.
Amma onun yaxınları bu “etiraf”a şübhəli yanaşırlar.
+++
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev haqqında 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.
Bu barədə gənc fəalın yaxınları məlumat verib. Onların sözlərinə görə, E.Mustafayev narkotik maddələrin satışında ittiham edilir.
Konfederasiyanın bir üzvünün də saxlandığı deyilir
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin də saxlandığı bildirilir.
Yaxınlarının verdiyi məlumata görə, E.Mustafayevin saxlanmasından artıq 48 saat ötsə də, rəsmi orqanlar qanunvericiliyə zidd olaraq onun barəsində heç bir məlumat yaymayıblar.
Bu məsələ ilə bağlı AzadlıqRadiosuna danışan “Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədli də deyib ki, E.Mustafayev avqustun 4-də günorta saatlarında saxlanılıb: “Bizim bildiyimizə görə, onu Bakı Şəhər Baş Polis İdarəsində saxlayırlar. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir”.
Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.