«Evimi sökdülər, özümü də döydülər…»

Qurban Əliyev sahibkar olub. Neftçilər prospektində Qız qalası yaxınlığında yerləşən ikimərtəbəli obyekt vaxtilə böyük ailəsinin tələbatını ödəyib. Amma günlərin bir günü şəhərin mərkəzində sökhasök başlananda onun da obyekti “diqqət”dən kənarda qalmayıb. Bakı şəhər İcra Hakimiyyəti obyekti sökdürüb. Ancaq buna görə sahibkara kompensasiya ödəməyi “unudub”. Hərçənd ki, məhkəmələr də Bakı şəhər İcra Hakimiyyətinin ona kompensasiya ödəməsi ilə bağlı qərar verib. Kompensasiyanın məbləği ilə razılaşmasa da, deyir ki, Bakı meriyası heç o məbləği də ödəmir.
“Mənim obyektim Qız Qalasının yanında yerləşirdi. İkimərtəbəli idi. Müasir standartlara cavab verən şəkildə təmir etdirmişdim. Birinci mərtəbəsində ərzaq mağazası, ikinci mərtəbəsində kafe fəaliyyət göstərirdi. Kafeyə əsasən xaricilər gəlirdi. Bakı Şəhər İcra Hakimiyyəti bir neçə dəfə mənə xəbərdarlıq etdi ki, binanı boşalt. Mən də razılaşmadım, çünki şəxsi mülküm idi. Tələb edirdim ki, dəyərləndirilsin, kompensasiyası ödənilsin, sonra binanı boşaldım. İcra Hakimiyyəti məni məhkəməyə verdi, 2007-ci ildə başlanan məhkəmə bu ilin aprel ayında bitdi. Ancaq hələ Səbail rayon məhkəməsində proses bitməmiş, 2007-ci ilin noyabr ayında ağır texnikayla binanı uçurtdular. Ərzaq dükanında 10 min manat dəyərində ərzaq vardı, işıqları kəsdilər, ərzaqlar xarab oldu. Sonra da binanı uçurtdular. Sonra da başladım uçurulmuş, şumlanmış mülkümün davasını aparmağa”.
Qurban Əliyevin sözlərinə görə, mülkə görə 2 milyon manat kompensasiya tələb edirmiş:
“1 milyon manat mülkə görə, 1 milyon manat da torpağa və əldən çıxmış mənfəətə görə istəmişdim. Məhkəmə isə cəmi 220 min manat kompensasiya kəsdi. Dedim, heç olmasa 500 min kəsin, axı kəsdiyiniz kompensasiya bunun yarısından da az məbləğdir, belə ədalətsizlik olmaz. Kimdir məni eşidən?”. Qurban Əliyev deyir ki, mülkiyyət hüquqları uğrunda çarpışa-çarpışa sağlamlığını da itirib: “Mülkü sökəndə polis qüvvəsi cəlb etmişdilər, mən söküntüyə müqavimət göstərirdim, necə döymüşdülərsə elə o vaxtdan sağlamlığımda problemlər yarandı. İndi cərrahiyyə olunmalıyam, məhkəmənin kəsdiyi kompensasiyanı da ödəmirlər ki, heç olmasa bundan sonra özümə gün ağlayım”.
Bakı Şəhər İcra hakimiyyətinin nümayəndəsi Hafiz Aberkarov məhkəmədə bildirib ki, Qurban Əliyevə məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi tarix-mədəniyyət təyinatlı torpaq olduğu üçün Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə müraciət edərək, həmin torpaq sahəsi üzrə Qurban Əliyevlə bağlanmış alqı-satqı müqaviləsinin qanunsuz sayılmasını tələb edib. İddia da təmin olunub.
Bəs Qurban Əliyevə ödənməli olan kompensasiya niyə ödənilmir? Qurban Əliyev bu sualın əlində əsir-yesir qalıb.(bizimyol)