İbadət ənənəsi
İnsanların həqiqi həyatı Allahla əlaqəyə bağlıdır. Fərdi və ictimai həyatda Məbudla əlaqə nə qədər dərin olsa, insanın ruh yüksəkliyi və fiziki dirçəlişi bir o qədər artar. Amma dünyaya qərq olsa, Xaliqlə rabitəsi kəsilər, öz xilqətinin əsl hədəfindən uzaqlaşar.
İslam Peyğəmbərinin (ə) qızı ibadətlərində Allahla dərin rabitə yarada bilmişdi. Belə ki, öz cismi yorğunluğunu əziz atasının tövsiyə etdiyi təsbih və zikrlərlə aradan qaldırırdı.
Ayə
“Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər.”
(“Bəyyinə” surəsi, ayə 5)
Hədis
İmam Sadiqdən (ə) Fatimənin nə üçün “Zəhra” (parlaq) adlanması barədə soruşdum. Buyurdu: “Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların nurunun yerdə olanlar üçün saçması kimi saçırdı.”
(“İləluş-şəraye”, c. 1, səh. 215)
Ənənə
Anam (Zəhra) səccadəsini sərirdi və namaz qılmağa məşğul olurdu. Anamın ibadətlərinə tamaşa etməyi çox xoşlayırdım. Heç bir mənzərəni anamın namazlarına tamaşa etmək qədər sevmirdim. Bir dəfə cümə axşamı anam həmişəki kimi öz mehrabında dayandı və Allahla razü-niyaz etməyə başladı. Anam fəcrin açılmasına qədər ya rüku, ya da səcdə halında olurdu.
(“Kəşful-ğummə”, c. 2, səh. 341)
Zəhra (ə) namaz qıldıqda Allahın qorxusundan nəfəsi təngləşirdi və səssiz ağlayırdı.
(“İrşadul-qulub”, səh. 105)
Hekayə
Merac səfərində gözəl bir qoxu hər yeri bürümüşdü. Allahın seçilmiş peyğəmbəri (s) Cəbraildən soruşdu: “Bu nəyin ətridir?” Cəbrail dedi: “Fironun qızının baş darayanının qoxusudur. O, mömin və allahpərəst bir qadın idi. İbadət və tövhidə inandığı bəlli olduqda etiqadından dönməyə razı olmadı.
Firon onun etiqadında möhkəm dayandığını gördükdə dedi: – Əgər mənim allah olduğumu qəbul etməsən, övladlarını yandıracağam.
Lakin qadın imanından dönmədi. Nəhayət, etiqadı yolunda iki övladını itirdi və axırda özü də şəhid oldu. Bu gözəl qoxu onun qoxusudur.”
(“Zən və cavanan əz didqah İslam” kitabından iqtibas, səh. 25)