“Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərarı siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndiririk. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur”.
qafqaz.ir Virtualaz.org xebere gore, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin AzərTAc-a müsahibəsində deyib.
“Rusiyanın bu addımı nədən qaynaqlanır və arxasında nə durur” sualının cavabında o deyib: “Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir. Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda, Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir.
Hər bir halda Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur”.
“Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) RF Ali Məhkəməsinin Apellyasiya instansiyasının məhkəmənin qərarının qüvvədə saxlanılması ilə bağlı verdiyi qərardan sonrakı addımlarını düşünür.
Virtualaz.org-a ÜAK-dan verilən məlumata əsasən, təşkilatın vəkilləri RF Ali Məhkəməsinin Rəyasət Heyətinə apelyasiya ilə müraciət edəcəklər.
Təşkilatın buraxılıb-buraxılmayacağı ilə bağlı suala cavab verən ÜAK rəsmisi deyib: “Ən pis halda təşkilatın adını dəyişərək, yenidən Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət edəcəyik”.
Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb.
İşə Ali Məhkəmənin Rəyasət Heyətində baxılacaq. Lakin Rəyasət Heyətində baxılacaq tarix yaxın müddətdə məlum olacaq.
Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Buna səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. ÜAK bu qərardan apellyasiya şikayəti verib.