ArxivXəbər lentiXəbərlər

Gəncədə baş verənlərlə bağlı məhkəmə: “Kimsə başıma daşa bənzəyən əşya ilə vurdu”

Gəncə şəhərində baş verən insidentlə bağlı məhkəmə prosesi davam edir. 30 oktyabr 2017-ci ildə Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahında ziyarətçilərlə polis əməkdaşları arasında yaranan qarşıdurmada bir neçə polis əməkdaşı yaralanıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Təqsirləndirilən Firudin Zeynalov və digər 6 şəxsin işinə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində baxılır. Onlar Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 221.3-cü (Xüliqanlıq) maddələrini pozmaqda ittiham olunurlar.
qafqaz.ir Rakurs TV-nin  verdiyi məlumatına görə, mayın 14-ü cinayət işi üzrə hakim Yaşar Həşimovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib. Hakim məhkəmə prosesini açıq elan etdikdən sonra təqsirləndirilən Firudin Zeynalov bir sıra vəsatət qaldırıb. O, məhkəmə salonunda qolundakı qandalların açılmasını, məhkəmə iclas protokollları ilə tanış olmağa, qeydlər aparmağa şəraitin yaradılmasını, məhkəmə prosesini izləmək istəyən QHT və media nümayəndələrinə yaradılan problemlərin aradan qaldırılmasını, eləcə də həbsdə saxlanılması üçün heç bir sübut və əsas olmadığından haqqında seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib. Təqsirləndirilənin heç bir vəsatəti qəbul edilməyib.
Bundan sonra zərərçəkmiş şəxslər ifadə vermək üçün məhkəmə zalına dəvət olunub. Öncə Gəncə şəhər Kəpəz RPİ-nin PPX tağımının manqa komandiri polis baş serjantı Ramin Qarayev ifadə verib. O, ifadəsində insident zamanı görmədiyi şəxslər tərəfindən başına daşa bənzər əşya və taxta dəyənəklə vurulduğunu deyib:
“Həmin gün xidmətdə idim. İnsident yarananda köməyə çağırıldım. İş yoldaşım xəsarət aldığından yerdə uzanmışdı, kömək məqsədi ilə ona yaxınlaşanda kimsə başıma daşa bənzəyən əşya ilə vurdu, daha sonra taxta dəyənəklə də vurdular. Vuranları görmədim. Sonra məni iş yoldaşlarım ziyarətgahdakı Təcili Tibbi Yardım maşınına apardılar. Oradan da mülkü şəxslər tərəfindən xəstəxanaya aparıldım”.
Təqsirləndirilənlərin vəkili Zabil Qəhrəmanov zərərçəkmişə suallar ünvanlayıb. Suallar zamanı zərərçəkmişin ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər ortaya çıxıb. Belə ki, Ramin Qarayev istintaqa ifadəsində ziyarətgaha daxil olmaq istəyən insanlara maneə yaratmaq məqsədi ilə təlimat aldıqlarını deyib, amma məhkəmədə belə bir təlimatın olmadığını söyləyib. Müdafiəçi ondan qarşıdurmanın hansı səbəbdən baş verdiyini soruşduqda, zərərçəkmiş bilmədiyini deyib.
Vəkil: “Ziyarətgaha girişin məhdudlaşdırılması haqda insanlara KİV-də və ya səsgücləndiricilər vasitəsi ilə məlumat verilmişdimi?”
Zərərçəkmiş: “Xəbərim yoxdur”.
Vəkilin “Ümumiyyətlə istintaqa verdiyiniz ifadəni oxumusunuzmu” sualına, o, “xeyr, oxumamışam” deyə cavab verib.
Zərəçəkmiş qismində dəvət olunan digər polis baş serjantı Elməddin Mehtiyev də oxşar məzmunda ifadə verərək, həmin gün tanımadığı şəxs tərəfindən qarın və bel nahiyəsindən zərbə aldığını bildirib.
Hər iki şəxs təqsirləndirilənlərdən heç birini tanımadıqlarını və şikayətlərinin olmadığını deyib.
Prosesin sonunda təqsirləndirilən Firudin Zeynalov vəsatətlərin qəbul edilməməsinə görə hakimə öz etirazını bildirib. Növbəti məhkəmə prosesin mayın 23-ə təyin olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button