Gen qaz, dərin qaz, özün düşəcəksən

Bütün zülmkarlar zülmü dadmağa məhkumdur
Ölkədə ədalət məhkəməsi olmasa da, haqsızlıq hər yanı tutsa da, zalımlar zülmünü davam etdirsə də, xeyli ibrətlik məqamlar da var. Hələ ədalət məhkəməsi qurulmamışdan, şər məğlub edilmədən zalımların acı taleyini görə bilirik. Dünənə qədər ən iyrənc işlərlə məşğul olanlar, günahsız insanları təhqir edənlər, haram pullarla meydan sulayanlar, bu gün zindanda zülmün girovuna çevriliblər.
Bir müddət əvvəl günahsız adamın “Allahın olsun” çağırışına, Allahı ələ salmaqla cavab verən adam, indi Allahı köməyə çağırır. Bir vaxtlar xüsusi həbsxana saxlayıb, sahibkarları şantaj edən general, bu gün 20 cildlik cinayət işiylə üz-üzə qalıb. Dünənə qədər insanları intihar həddinə çatdıran MTN əməkdaşı, bu gün özü intihar etmək məcburiyyyətində qaldı. Rejimin iyrənc əməllərinin icraçısına çevrilənlər, indi özləri rejimin qurbanına çevriliblər.
Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri, bugünlərdə 14 il azadlıqdan məhrum edilmiş Vəli Ələsgərovunÿ həyat hekayəsinə nəzər salanda, xeyli ibrətlik məqamlar üzə çıxır.
Bu adam vəzifədə olduğu vaxtlarda çox insanlara zülm edib. Adamlar onun qəddarlığının, qeyri-insani hərəkətlərinin qurbanına çevrilib. Indi məlum olur ki, onun özünü təhqir edirlər, başqalarına tətbiq etdiyi cəzaları onun özünə tətbiq edirlər. Indi xəbər yayılıb ki, Eldar Mahmudov Vəli Ələsgərovu intim görüntüləri ilə qorxudub, Naxçıvan rəhbərliyi haqqında kompramat tələb edirmiş. Vəli Ələsgərov da bu şantajın qorxusundan Naxçıvan rəhbərliyinə qarşı gizli dinləmələr təşkil edib Bakıya göndərirmiş.
Bəli, bu ölkəyə şantajı, şəxsi həyata müdaxilə iyrəncliyini, işgəncə qaydalarını bu hökumət gətirib. Amma şərin qulluqçuları da əvvəl-axır öz çirkablarında boğulurlar. Dünənə qədər başqalarını intim görüntülərlə şantaj edən Vəli Ələsgərov, özü də intim görüntülərlə şantaj edilib.
Əlbəttə, Vəli Ələsgərob birinci belə şəxs olmadığı kimi, sonuncu da deyil. Yəqin ki, çoxlarının belə görüntüləri var. Hansısa deputatı, komitə sədrini, naziri də belə görüntülərlə şantaj edə bilərlər. Yəni rejimin yaratdığı iyrənclikdən rejimə qulluq edənlər də sığortalanmayıb. Ona görə də digər səlahiyyət sahibləri Vəli Ələsgərovun başına gələnlərdən dərs çıxarmalıdır. Vəzifəyə arxayın olub, insanlara zülm etməyin, şəxsi həyata müdaxilənin, günahsız adamlara işgəncə verməyin mütləq əvəzi olacaq. Hər kəs nə vaxtsa əkdiyini biçməli olacaq. O zaman heç kim köməyə çatmayacaq. Günahsız adama hökm oxuyan hakim, günahsız adamın cibinə narkotika atan polis rəisi, günahsız insanlara işgəncə verməyi özünə peşə seçən icraçılar bir gün daha acınacaqlı vəziyyətə düşəcəklər.
Gen qaza bilərsiniz, dərin qaza bilərsiniz, amma axırda özünüz o quyunun sakininə çevriləcəksiniz. Nə qədər imkan var, bu qeyri-insanilikdən imtina etmək lazımdır.