ArxivNardaranXəbər lentiXəbərlər
Günahsız məhbusuma-Abbas Hüseynə-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirəm. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.
Müqəddəs Ramazan ayının gəlişinin ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb. Bu gün zindanlarda yüzlərlə günahsız insanımız həbs cəzasına məhkum edilib və olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir. Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlara, isti yuvasından, doğma od-ocağından ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq. Bu məktubların sahiblərinə çatmasına da çalışacağıq.
Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək. Bütün iştirakçıları, məktub sahiblərini və məktub ünvanladığınız məhbusların yaxınlarını “Zindannamə”nin təqimatına dəvət edəcəyik.
Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.
Layihəmizə qoşulan hər kəsə təşəkürümüzü çatdırırq.
Üçüncü məktubun sahibi adının çəkilməsini istəməyən bir xanımdır.
Bu xanımın Nardaran olayları zamanı şərlənərək həbs edilən Abbas Hüseynə yazdığı sevgi dolu məktubunu diqqətinizə çatdırırq:
“Vətənuğrunda.az saytında belə gözəl layihənin başladıldığını eşidəndə çox sevindim.
Düşünürəm ki “Zindana məktub” adlı bu layihə içində yığılıb qalan cümlələri mənim, sənin-bizim hüquqlarımız uğrunda zindan həyatı yaşayan əzizlərə çatdırmaq üçün gözəl fürsətdir. Mən də bu fürsətdən istifadə edərək, rahat həyatını xalqının rifahı uğruna zindana dəyişmiş günahsız məhbusuma-Abbas Hüseynə yazmaq istədim.
Günahsız Məhbusuma…
Mənim günahsız, günahsız olduğu qədər də möhkəm, başı vüqarlı məhbusum…Sənə böyük zindandan məktub yazıram… Hərçənd bu məktubu indi sənin oxumaq imkanın yoxdur. Lakin mən yazıram.Yazıram ki, qoy səni gözlədiyim bu günlərdən yadigar qalsın.Yazıram, qoy bizdən sonrakı nəsillər şahid olsunlar ki, zalımın zülmü, cəfası, zindanı belə əsl sevgi və sədaqət qarşısında məğlubiyyətə məhkumdur.
Bax, Allahın bu imtahanı həm də elə bir imtahandır ki, xanımlar öz sədaqətləriylə sınağa çəkilirlər…
Bilirsən, sənə 20 illik hökm oxunan həmin gün zərrə qədər ruhumda sarsıntı hiss etməmişdim. Sual edənlər olur ki, “20 ili necə gözə alıb bu qərarı vermisən?” Axı unudurlar, məsafələr, illər əsl sevgilərin qarşısını almaqda həmişə acizdir.
Həbs olunduğun gündən bu zamana qədər işgəncə xəbərlərini almağıma rəğmən bir anda olsa, peşimanlıq duymadım qəlbimdə. Çünki məni ayaqda tutan, başımı dik saxlamağa vadar edən sənə olan sadəqətim, sənin o sınmaz vüqarındır. Həm də sən ədalət uğruna şərlənmisən. Elə şərəfli səbəblər üçün bu gün zindandasan ki, bu yalnız mənə başucalığı gətirər.
Həyatda hər şeyin asanını seçmək həmişə qorxaq insanlara xas xüsusiyyət olub. Amma mən səninlə birgə Haqq yolunda yanmağı seçdim. Səninlə yanmaq, bu tikanlı yollarda səninlə birgə addımlamaq istədim.
Sənə “məhbusum” deyirəm. Bizi bir-birimizdən ayrı salanlar sanmasınlar ki, səni onlar məhbus ediblər və sən onların məhbususan. Xeyr. Sən haqqın, vicdanın, ədalətin məhbususan. Sən bu dəyərlər uğrunda məhbəsə düşməklə, “məhbus” adına anlam və məna yükləmisən.