Gürcüstan Müsəlmanları İdarəsi mövlud tədbiri keçirib- (Foto)

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze tədbir iştirakçılarını Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin adından təbrik edib, hamıya əmin-amanlıq, səadət və xoşbəxtlik arzulayıb. O, çıxışında Fransada baş verən hadisələri Dini Agentlik adından pisləyib və bu hadisələri ekstremizm adlandırıb: “Mən iki həftə bundan əvvəl Tehranda təşkil edilən beynəlxalq konfransda iştirak etdim. Tədbirdə mən Gürcüstanı təmsil edirdim. Konfrans terrorizm ilə mübarizəyə həsr olunmuşdu. Tədbirdə qeyd olundu ki, dini konfessiyalar arasında anlaşılmazlıq vaxtında həll edilməlidir. Buna görə də təhsil və maarifləndirmə üsullarından istifadə etmək lazımdır. Belə olmasa, bax Fransadakı hadisələr kimi vəhşiliklər baş verəcək”- deyə Z. Vaşaxmadze vurğulayıb.
Tədbirdə Azərbaycan, İran və Türkiyə səfirliklərinin rəsmiləri, ölkəmizin müxtəlif yerlərindən gələn müsəlmanlar, din və ictimaiyət xadimləri iştirak ediblər. Mərasimin bədii hissəsində “İxlas” İlahilər qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilib. Sonda məclis iştirakçıları bayram süfrəsinə dəvət olunub.
Qeyd edək ki, İslam dünyası rəbbiül-əvvəl ayının 12-17-si (bu il üçün 4-9 yanvar) tarixlərini əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludu günləri kimi qeyd edir. İslamın böyük alimləri bu həftəni “Vəhdət həftəsi” elan ediblər. Bu tədbirin keçirilməsində İran İslam Respublikası və Türkiyənin dini nümayəndəlikləri BGMİ ilə əməkdaşlıq ediblər.