ArxivNardaranXəbər lentiXəbərlər

“Usubov Nardaran biabırçılığını ört-basdır eləməyə çalışır”

Nardaranda həbs olunanların əleyhinə ifadə vermək istəməyən şahidləri polis idarəsinə aparıb elektroşok veriblər

“Bandotdel” əməkdaşlarının yalanları konkret sənədlərlə ifşa olundu

Nardaran işi üzrə oktyabrın 28-də keçirilən məhkəmə iclası da ciddi məqamlarla yadda qalıb. Vəkillər bəyan edib ki, həbs olunan şəxslərə qarşı yalan ifadə verməyə məcbur edilmiş Nardaran, Maştağa qəsəbə sakinləri gəlib məhkəmədə həmin ifadələrdən imtina etdiklərinə görə sonradan polis tərəfindən saxlanılıb işgəncələrə məruz qalır. Bundan başqa, vəkillər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Nardaran əməliyyatı zamanı yaralanmış şəxslərlə bağlı yalan danışdıqlarını konkret faktlarla, o cümlədən həkim arayışları ilə ifşa ediblər.

“Yalan danışan polislərin barəsində cinayət işi başlansın”

Təqsirləndirilən şəxslərdən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova xəstəxanadan həkim arayışını və fotoşəkli məhkəməyə təqdim edib. Arayışda Abduləliyevin xəstəxanaya necə və kim tərəfindən çatdırıldığı göstərilib, hətta onu gətirən maşının nömrəsi də öz əksini tapıb. Fotoşəkil də həmin vaxt çəkilib. Arayış və fotoşəklin cinayət işinə əlavə olunması barədə vəsatət qaldıran vəkil deyir ki, bu materiallar məhkəmədə ifadə verən polislərin yalan danışdığını sübut edir.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları, o cümlədən Nardaran əməliyyatı zamanı Şamili zərərsizləşdirdiyini deyən Müslüm Tanrıverdiyev məhkəmədə bildirmişdi ki, güllə yarası almış şəxsləri əməliyyat qrupunun rəhbərinin çağırdığı təcili yardımla xəstəxanaya çatdırıblar. Hələ də bədənində 3 güllə gəzdirən Şamil Abduləliyev və əməliyyat nəticəsində yaralanmış digər təqsirləndirilənlər isə ifadələrində göstərmişdilər ki, polislər onları yaralı vəziyyətdə atıb gediblər. Onları sonradan Nardaran camaatı əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da Sabunçu xəstəxanasına çatdırıb.

“Baxmayaraq ki, polislər dindirilməmişdən əvvəl yalan danışmağa görə cinayət məsuliyyəti barədə xəbərdar olunublar, amma yenə də yalan ifadə veriblər. Ona görə də xahiş edirəm, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün barələrində xüsusi qərar çıxarıb prokurorluğa göndərəsiniz. Həmçinin onların zərərçəkmiş statusuna xitam verəsiniz”, – vəkil vəsatət qaldırıb.

Hakim vəsatəti yalnız həkim arayışı və fotoşəklin iş materiallarına əlavə olunması hissəsində təmin edib. Polislərlə bağlı məsələyə gəlincə, bildirilib ki, buna məhkəmənin sonunda müşavirədə qiymət veriləcək.

“Şahidlərə qarşı bu cür təzyiq ittiham tərəfinin iflasıdır”

Vəkil Yalçın İmanov isə Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da daxil olmaqla, təqsirləndirilən şəxslərin əleyhinə ifadələrə imza atmağa məcbur edilmiş şahidlərin məhkəmədə həmin ifadələrdən imtina edəndən sonra onlara edilən təzyiqlər, məruz qaldıqları işgəncələr barədə məhkəməyə məlumat verib. Müdafiəçi bildirib ki, oktyabrın 26-da məhkəmədə ifadə verən şahidlər – Samir Babayev və Valeh Abbasov dindirmədən dərhal sonra Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Onlarla yanaşı, bu iş üzrə şahid olan və növbəti məhkəmə iclaslarında dindiriləcək on nəfər Nardaran və Maştağa sakinləri də həmin gün saxlanılıb. Həmin on nəfər axşam saatlarında buraxılsa da, Samir Babayev və Valeh Abbasov azad edilməyib: “Onlar bir gün saxlanıldıqdan sonra oktyabrın 27-də azad ediliblər. Məlum olub ki, bu adamları Sabunçu rayonu, 14-cü polis bölməsinə aparıb, orada onlara işgəncə, o cümlədən elektroşok veriblər. Oktyabrın 26-da adları şəxslər dindirilən gün məhkəmə zalında mülki geyimdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları vardı, təqsirləndirilən şəxslər onları tanıyandan və biz etiraz edəndən sonra çıxarıldılar. Deməli, onlar şahidlərin ifadələrinə nəzarət etmək üçün bura göndərilmişdilər. Şahidlər də doğrunu danışdığına görə məhkəmədən dərhal sonra tutub aparıb cəzalandırıblar. Hələ dindirilməmiş on nəfərə də xəbərdarlıq ediblər”.

Müdafiəçi hesab edir ki, şahidlərə bu şəkildə təzyiq ittiham tərəfinin iflasıdır: “Bu məhkəmə prosesi bütün dünyaya göstərdi ki, ittihamda göstərilən əməllərin heç birini təqsirləndirilən şəxslər törətməyiblər. Əsas səbəb xüsusən Taleh Bağırzadənin siyasi hakimiyyəti tənqid etməsidir. İttiham tərəfinin sübutları darmadağın olduğuna görə bu cür üsullara əl atırlar”.

Şahidlərin təzyiq altında olduğunu vurğulayan Y.İmanov bu vəziyyətdə onların məhkəmədə dindirilməsini mümkünsüz sayıb. Vəsatət qaldırıb ki, işə baxan hakim Əlövsət Abbasov Baş prokuror Zakir Qaralova məktubla müraciət etsin, həmçinin Sabunçu RPİ-yə də sorğu göndərilib, həmin şəxslərin hansı əsasla saxlanıldığı araşdırılsın.

Taleh Bağırzadə də vəkilinin vəsatətinə münasibət bildirib: “Hakimiyyət daxilində də müxtəlif klanlar var. Bəzi klanlar əzələ nümayiş etdirmək istəyir. Ramil Usubov Nardarandakı biabırçı əməliyyatla hakimiyyətə ciddi zərbə vurub. O biri klanlar buna görə onu tənqid edir. Çünki Nardaranda törədilən vəhşilik bu məhkəmə zalının çərçivəsindən kənara çıxıb, beynəlxalq hüquq-müdafiə təşkilatları bu məhkəmə prosesini zərrəbinlə izləyir. Bütün dünya əslində, nə baş verdiyini gördü, bildi. Ramil Usubov da bu biabırçılığı ört-basdır eləmək üçün hər cür yola əl atır. Bu cür məhkəmə aparmaq düzgün deyil. Məhkəməni şouya çevirmək ilk növbədə Azərbaycanın imicinə zərbədir. Əgər şahidlərə qarşı törədilənlərlə əlaqədar tədbir görülməsə, məhkəmə prosesinin bu şəkildə davam etdirilməsinə etiraz edirik”.

Digər vəkil Gülşən Salmanova polisin belə davranışını ilk növbədə məhkəməyə qarşı hörmətsizlik kimi qiymətləndirib. Deyib ki, məhkəmə də bu hörmətsizliyə görə qətiyyətli mövqe ortaya qoymalıdır: “Bu nə özbaşınalıqdır? Məhkəmə bir vəsatətə görə dərhal Vəkillər Kollegiyasına müraciət elədiyi kimi, bu məsələyə də təcili şəkildə reaksiya verməlidir, Baş prokurora müraciət olunmalıdır”.

Məhkəmə vəsatəti təmin edib – amma müraciət Baş prokurora yox, Bakı şəhər Prokurorluğuna göndəriləcək. Həmçinin Sabunçu RPİ-yə də sorğu veriləcək.

“Bu hakimiyyət çoxunu bədbəxt eləyib”

Daha sonra məhkəmədə təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsində statusuna şərh yazmış Qaz İdarəsinin işçisi Firdovsi Sadıqov dindirilib. O, İmam Hüseynin mübarizəsindən bəhs edən statusa bir kəlmə “doğrudur” yazdığına görə “Bandotdel”ə çağrıldığını deyir. Qeyd edir ki, statusdakı fikirlər tarixi fakt olduğuna görə “doğrudur” şərhini yazıb.

Şahidin istintaqa ifadəsində “Fuad Qəhrəmanlının fikirlərini bəyənmədiyi, onun dövlət çevrilişinə cəhd, milli, dini nifaq salmağa yönəlik hərəkətlərə yol verdiyi, bu kimi xəyanətkar şəxslərin sonu olmayan yollara apardığı” barədə fikirlər var. Amma özü məhkəmədə bildirib ki, Fuad Qəhrəmanlını tanımır, onun cəmi bir statusunu görüb və tanımadığı şəxs barədə belə sözlər deyə bilməzdi: “Sosial şəbəkədə bir kəlma yazdığıma görə “bandotdel”ə çağrılmağım özümə də pis gəlir. Mən siyasətçi deyiləm. Əgər dövlət əleyhinə nəsə görsəydim, ümumiyyətlə, dostluqdan çıxarardım. Bunlar mənim fikrim deyil. Müstəntiqə də dedim ki, burdan evə gedən kimi kompüteri də, “Facebook”u da bağlayacam”.

Fuad Qəhrəmanlı bu şahidə təşəkkür edib: “Bu addımlar əslində, hakimiyyətin siyasi simasızlığını göstərir. Bu qədər ləyaqətsizliyə getmək olmaz. Bu hakimiyyət çoxunu bədbəxt edib. Günahsız adamları şahid kimi məhkəməyə çağırırlar. İnsanlara o qədər mənəviyyatsız yanaşırlar ki, onların adından yalan ifadə yazırlar və hesab edirlər ki, onlar gəlib bu ifadələri məhkəmədə təsdiq edəcəklər. Sizə təşəkkür edirəm ki, hakimiyyətin 37-ci ili xatırladan repressiya siyasətində üzə duran kimi çıxış etmədiniz. Bunlar utanıb ölmək əvəzinə, yenə də saxta ittihamı müdafiə edirlər. Ayıb olsun Azərbaycan hakimiyyətinə”.

“Adamları əlləri bağlı vəziyyətdə üzüstə idarənin dəhlizinə atırdılar”

Müsəlman Birliyi Hərəkatının təsis etdiyi “Azadxəbər” qəzetinin və saytının baş redaktoru olmuş İlkin Məmmədov da şahid qismində dindirilib. O bildirib ki, ötən il Nardaran əməliyyatından az sonra – dekabrın 1-də yaşadığı evin qarşısında saxlanılaraq, Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Amma tutulmasını rəsmiləşdirərkən yazıblar ki, guya, hansısa başqa ünvanda küçədə söyüş söydüyüng görə saxlanılıb. Ona 22 sutka inzibati həbs cəzası verilib: “Amma mən bilirdim ki, həbsim sayta görədir. Elə həbsdə olarkən Binəqədi təcridxanasında gəlib məndən ifadə aldılar”.

İlkin Məmmədov sualları cavablandırarkən deyib ki, Taleh Bağırzadədən dövlətçilik əleyhinə heç nə eşitməyib.

“Azadxəbər” saytında jurnalist kimi fəaliyyət göstərmiş Samir Mirzəzadə isə ifadəsində bildirib ki, onu “bandotdel”də dindiriblər. Taleh Bağırzadənin dövlət əleyhinə çıxışlarının şahidi olmadığını, ondan yalnız dini mövzularda, yaxud da ölkədəki haqsızlıqlar barədə söhbətlər eşitdiyini deyən şahidin sözlərinə görə, Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsdən buraxılması tələbilə ötən il noyabrın 5-də Sabunçu RPİ-nin qarşısında keçirilən aksiyada jurnalist kimi çəkiliş apararkən polislər onu da tutublar: “Aksiya iştirakçıları ilə yanaşı, məni də tutdular. Amma içəridə jurnalist olduğumu deyəndən sonra dedilər ki, keç, bir kənarda dayan. Gecə saat 1-ə qalmışa qədər məni orada saxladılar. Telefonumu, kameranın yaddaşını aldılar. Üç gün gedib-gələndən sonra telefonumu çətinliklə aldım. Həmin vaxt aksiya iştirakçılarına işgəncə verildiyini gördüm. Adamları əli bağlı vəziyyətdə gətirib üzüüstə idarənin dəhlizindəki döşəməyə atırdılar. Mən baxmaq istəyəndə qoymurdular. Telefonumu alıb çəkdiklərimi sildilər. Üç gündən sonra telefonumu verdilər”.

Üç dəfə “bandotdel”də ifadə verdiyini deyən şahidin sözlərinə görə, ona fiziki olmasa da, psixoloji təzyiq edilib. Məqsəd isə Taleh Bağırzadənin, Abbas Hüseynovun əleyhinə ifadə almaq olub: “Deməliydim ki, məni aksiyanı çəkməyə Abbas çağırıb. Amma elə olmayıb axı. Mən sosial şəbəkədən aksiya barədə xəbər tutub, çəkiliş aparmaq üçün ora getmişəm”.

Təkrar ekspertiza keçirilsin

Fasilədən sonra hakim Əlövsət Abbasov məlumat verib ki, şahidlərə təzyiq məsələsilə əlaqədar artıq Bakı Şəhər Prokurorluğuna müraciət olunub. Prokurorluq bu məsələnin araşdırılması üçün vaxt istəyib.

Vəkil Yalçın İmanov məhkəmədə əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb: “Bu iş üzrə 8 hal şahidi, 25 nəfər təqsirləndirilən şəxslər, o cümlədən Əbülfəz Bünyadov və Gəncədə tutulanlar var. Guya onlar Taleh Bağırzadənin əleyhinə ifadə veriblər, amma nədənsə, şahidlər siyahısına daxil edilməyiblər. Əksəriyyəti Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin, təşkilatın regional bölmələrinin üzvləridir. Əbülfəz Bünyadovu çıxmaq şərtilə, qalanlarının hamısı Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. Əbülfəz Bünyadov isə Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir, çünki Nardaran əməliyyatı zamanı ona ciddi xəsarətlər yetirilib”.

Yalçın İmanov daha sonra təqsirləndirilən şəxslərdən Bəhruz Əsgərovla bağlı həkim arayışını məhkəməyə təqdim edib v onun cinayət işinin materiallarına əlavə olunmasını istəyib: “Təcili Tibbi Yardım Stansiyasından daxil olmuş məlumata görə, Bəhruz Əsgərov 26 noyabrda saat 13:50 radələrində Hardarandakı stansiyaya müraciət edib. Həmin vaxt onu həkim Rəhimov müayinə edib və xəstəyə sol budun aşağı hissəsinin odlu silahla yaralanması diaqnozu qoyulub. İlkin yardım göstəriləndən sonra Sabunçu xəstəxanasına göndərilib. “Bandotdel” əməkdaşları isə ifadələrində göstərmişdilər ki, guya Bəhruz Əsgərov Kərim Əlimərdanov tərəfindən dəvət edilmiş təcili yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Bu rayışdan isə məlum olur ki, Bəhruz Əsgərov 14 saylı məntəqəyə müraciət edib və ona ilkin yardım olunduqdan sonra xəstəxanaya köçürülüb”.

Sənədlər iş materiallarına əlavə edilib.

Digər vəkil Nemət Kərimli bildirib ki, Fuad Qəhrəmanlı istisna olmaqla, digər təqsirləndirilən şəxslərin məruz qaldıqları işgəncələrlə əlaqədar ekspertizadan keçirilməsinə dair məhkəmənin qəbul etdiyi qərar formal icra olunur: “Oktyabrın 20-də keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Taleh Bağırzadə, Abbas Hüseynov Cabbar Cabbarov, Aqil İsmayılov, Bəhruz Əsgərov bildirdilər ki, ekspert təcridxanaya gəlib onların yalnız ad və soyadlarını qeyd edir. Yəni bədənlərindəki xəsarət izlərinə əhəmiyyət vermir, qeydə almır. Görünür ki, ekspertizanın aparılması qaydaları tamamilə pozulub, avadanlıqdan istifadə edilməyib, təqsirləndirilən şəxslər müayinədən keçirilməyib. Artıq ekspertizanın obyektivliyi şübhə altına alınır. Xahiş edirik ki, rəy gözlənilmədən tibbi avadanlıqlardan istifadə edilməklə ekspertiza keçirilsin”.

Hakim Əlövsət Abbasov bildirib ki, ekspertiza rəyi alınmadan bu vəsatət verilə bilməz. Həmçinin təklif edib ki, təqsirləndirilən şəxslərin ekspertdən şikayətləri barədə Ekspertiza Mərkəzinin rəhbərliyi məlumatlandırılsın: “Amma biz ekspertizanın rəyini almadan təkrar ekspertiza keçirə bilmərik”.

Vəkil Yalçın İmanov qeyd edib ki, əgər ekspert xəsarət izlərini qeydə almayıbsa, artıq həmin ekspertiza rəyinə inam qalmır: “Xahid edirik, onları məlumatlandırasınız ki, bizim keçirdikləri ekspertizaya artıq şübhəmiz yaranıb. Ona görə də əgər bu halları aradan qaldırmaq imkanları varsa, aradan qaldırsınlar. Əks halda, biz indidən o rəyi şübhə altına alırıq”.

“Daxili İşlər Nazirliyi bu hakimiyyətin axırına çıxacaq”

Daha sonra Taleh Bağırzadə çıxış edib: “Burada dəfələrlə ki, Mehriban Əliyevanın polislər tərəfindən təhqir olunması məsələsi qeyd olundu. İndi isə polislər şahidlərə təzyiq göstərir ki, gəlib məhkəməyə desinlər ki, “Taleh Bağırzadə İlham Əliyevi təhqir edib”. Yəni, revanş götürürlər. Görün, Daxili İşlər Nazirliyi nə ilə məşğul olur. Biz Mehriban Əliyevanın ünvanına deyilən təhqirlərlə bağlı məsələni ictimailəşdirmişik deyə, onlar məsələni avtomatik olaraq, bizim üstümüzə atmağa çalışırlar. Mən nə demişəmsə, hamısı mətbuatda var. Mən heç kimi təhqir eləmirəm, o cümlədən də İlham Əliyevi. Bu dəqiqə Daxili İşlər Nazirliyində ciddi problemlər yaranıb, başlarını itiriblər. Azərbaycan hakimiyyətini dağıdacaq əsas qüvvə həmin o Daxili İşlər Nazirliyidir. Buna əmin olsunlar. Onlar özləri bu hökumətin axırına çıxacaqlar”.

Məhkəmə prosesi noyabrın 7-də davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button