ArxivIslamXəbər lentiXəbərlər
GÜRCÜSTANDA İMAM RZA (Ə) MƏSCİDİNDƏ İMAM RZANIN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB – FOTOLAR

Marneulinin Ağaməmmədli kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.
İmam Rza (ə) adına məscidin həyətində təşkil olunan mərasimdə din xadimləri, elm və ictimaiyyət xadimləri, yerli kənd əhalisi ilə yanaşı ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar da iştirak edib. Mərasimə eyni zamanda İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) müqəddəs ziyarətgahının xidmətçiləri adlanan ruhanilər, Azərbaycandan din alimi Hacı Eldayaq Hüseynov da qonaq olub. Məscidin axundu Kərbəlayi Çingizin aparıcılığı və giriş sözü ilə keçirilən mərasim Məşhəd ziyarətgahının Quran qarilərindən olan Beynəlxalq dərəcəli Quran qarisi Məcid Əfğaninin Qurani-Kərimdən bir neçə ayəni tilavəti ilə başladı.
Öncə Marneuli rayonunu baş axundu və İmam cüməsi Hacı Əziz Nəbiyev qonaqları salamlayaraq İmam Rza (ə) məqamı və fəziləti barəsində danışıb. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayaraq təbriklərini çatdırdıqdan sonra Əhlibeyt imamlarının təvəllüd günlərini keçirmənin əhəmiyyətindən, imamların fəzilət, şəxsiyyət və məsuliyyətləri haqqında danışıb. O, çıxışında qeyd edib ki, “bütün imamlar xəlifə olmasalar da imamət və vilayət məqamının missiyalarını icra etmişlər.
Onlar insanların qəlbinə, batininə hökm edən həqiqi və mənəvi rəhbərlər olub.” Daha sonra İmam Rza (ə) ziyarətgahının xətiblərindən olan Doktor Müctəba Əfşar və Azərbaycanın tanınmış və dəyərli din alimlərindən Hacı Eldayaq Hüseynov çıxış edib. Çıxış edən din alimləri imamət səmasının 8-ci parlaq ulduzu İmam Rzanın (ə) kəramət və fəziləti barəsində, eləcə də Həzrətin ictimai və dini fəaliyyətləri haqqında danışıblar. Əhli-beyt imamlarının bəşəriyyətin üzərində olan haqlarına toxunublar. Şirniyyat süfrəsi ətrafında keçirilən mərasim Əhlibeyt məddahı Səid Həsən və Anar Cəfərinin oxuduğu şeir və ilahilərlə davam edib. Eyni zamnda Hərəmin məddahlarından olan Əhəd Səbzi də gözəl ilahi və surudlarla məclisə xoş və mənəvi abu-həva bəxş edib. Tədbirin sonunda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə püşk atılaraq bəxtinə düşən üç nəfər şəxsə Məşhəd ziyarəti digər beş şəxsə isə azərbaycanca Allahın kitabı hədiyyə olunub. Nəhayət tədbir İmam Zaman (əc.) duası ilə sona çatıb.