Hacı Cavad məscidinin sökülməsinə hazırlıq gedir

Bu gün, iyunun 30-da axşamüstü Bakının Yasamal rayonu ərazisindəki Hacı Cavad məscidinin sökülməsi ilə bağlı hazırlıq işlərinə başlandığı bildirilir.
Bu haqda yerli sakinlərdən bildiriblər.
Hazırda əraziyə texnika cəlb edildiyi, məscidin sökülməsinə hazırlıq getdiyi deyilir.
Ancaq məsciddə ibadət edənlər bəziləri söküntü işlərindən narazıdır.
“İlk dəfə aprel ayında sökməyə gəlmişdilər. Həmin vaxt burda ibadət eləyənlər narazılıq elədi, hökumət də söküntüyə ara verdi. Sonradan məscidin nümayəndələrini icra hakimiyyətində də qəbul etdilər. Bizə söz verdilər ki, sizin üçün təzə məscid tikiləcək. Yalnız təzə məscid tikiləndən sonra söküntü işlərinə başlanacağını bildirdilər. İndi də belə…”, – sakinlərdən Əfqan Həzrətov deyib.
Məsciddə ibadətə gələn digər vətəndaşlar da narazılıqlarını bildiriblər.
“Ötən illərdə Bakını “İslam paytaxtı” elan eləmişdilər. Bakını “İslam paytaxtı” ona görə elan eləmişdilər ki, bu cür tarixi, gözəl məscidlər söksünlər”, – başqa bir vətəndaş sual edib.
İbadətə gələnlər deyir ki, günorta namaza toplaşıblar. Hər hansı xəbərdarlıq-filan olmayıb. Günortadan sonra xəbər gəlib ki, artıq məscidi boşaldırlar.
“İndi də biri deyir, təmir ediləcək, digəri deyir, sökürük. Bir dənə rəsmi şəxs yoxdur ki, çıxıb camaatın qarşısına desin, nə məsələdir. Həm də axı, niyə bu cür məscid sökülməlidir, başqa yerdə tikilməlidir? Hazır var da burda…”, – əraziyə toplaşanlardan biri söyləyib.
Hazırda Hacı Cavad məscidinin ətrafına 100-dən artıq inanclı vətəndaş toplaşıb. Əraziyə polis qüvvələri də gətirilib.
Bu ayın əvvəlində Hacı Cavad məscidinin söküləcəyi açıqlanmışdı. Məscidin icması bildirmişdi ki, başqa ünvanda yeni məscid inşa olunacaq.
“Artıq, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə qarşılıqlı razılaşma əldə olunub”, – məscidin icmasından bildirmişdilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə açıqlamışdı ki, yeni məscid Yasamal rayonu ərazisində inşa olunacaq. (azadliq.org)