“Dindarların həbsi hamını narahat edən bir məsələdir.”
Azərbaycan İslam Partiyasının keçmiş sədr əvəzi, ilahiyyatçı Hacı Elçin Manafov “Etiraz həftəsi” ilə bağlı İslamazeri.az-a danışarkən dindarların həbsinin və təzyiqlərə məruz qalmasının hamını narahat edən bir məsələ olduğunu deyib: Bütün saxta ittihamlarla həbs olunan islamçılar, xüsusən də Hacı Abgül kimi şəxsiyyətlərin həbsi bizi narahat edir. Bu gün saxta ittihamlar irəli sürənlərin özlərinin saxtakarlıqlarının üzə çıxması nəinki islamçılar, həmçinin dövlət üçün yaxşı bir fürsətdir ki, ədalət yenidən bərpa olunsun. Əgər bu insanların cinayətləri ortaya çıxıbsa, məntiq belə deməyə əsas verir ki, onların ittihamları da saxta olub. Hər bir insan bu fürsətdən istifadə edib öz səhvini düzəldə bilər. Həmişə demişəm ki, islamçı qardaşları azadlığa buraxmaqla yanaşı, həm də onlardan üzr istənilməlidir. Çünki onların haqları tapdalanıb və onları sevən insanlar da onlardan məhrum qalıb. Elə insanlar həmişə cəmiyyətin içində olmalıdır ki, insanlara sabitliyə aparan doğru yolu göstərsinlər. Xüsusən indiki dövrdə buna böyük ehtiyac duyulur. Hacı Taleyin başına gətirilən haqsızlıq böyük bir səhv addım və növbəti özbaşınalıqdır. Məsələyə obyektiv yanaşılmalıdır. Hacı Taleyin də dediyi kimi mövqelərini ortaya qoymaqdan ötrü gözəl fürsətdir ki, hamı onların İmam Hüseyn (ə) yoxsa Yezid (l) tərəfində olduğu bilsin.