Hacı Şahin Həsənli bu il Azərbaycandan Həccə gedənlər üçün vakant yerlərin dolmamasını iqtisadi böhranla izah edib.
Əvvəlki illərlə müqayisədə bu il həcc ziyarətinə gedənlərin sayında azalma müşahidə olunur. Bunun iqtisadi səbəbləri var. İlahiyyatçı Hacı Şahin Həsənli Sputnik-ə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, dünyadakı iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi ölkələrin iqtisadiyyatına, bilavəsitə sadə vətəndaşların cibinə də təsir edir.
“Hal-hazırda dünyada çox ciddi iqtisadi böhran müşahidə olunur. Bu böhran müqəddəs ziyarətə getmək istəyənlərə də təsir edir. Ölkəmizdə həcc ziyarətinə getmək istəyənlər həmişə çox olub. Keçən ilə qədər, ziyarət üçün Səudiyyə hökuməti tərəfindən Azərbaycana ayrılan yerlər aylar öncədən dolurdu. Bu il isə fərqli oldu. Yerlər hələ tam tutulmayıb. Bunun arxasında iqtisadi problemlərin dayandığını düşünürəm” — deyə ilahiyyatçı Hacı Şahin Həsənli qeyd edib.
Həcc ziyarətindəki bahaçılıqla bağlı sualı cavablandıran ilahiyyatçı, qiymətlərin Səudiyyə hökuməti tərəfindən təyin olunduğunu söyləyib.