Hacı Taleyin həbsi bir daha Azərbaycanda ədalətsizliyin höküm sürdüyünü sübut etdi

Taleləri, Abgülləri və Mövsümləri həbs etməklə onlara daha da güc, şərəf, hörmət və ehtiram vermiş olurlar.
Məlum olduğu kimi ruhani və ilahiyyatçı olmaqla yanaşı həmçinin gənc ictimai fəal olan Hacı Tale Bağırova 2 il həbs cəzası verilib.
Hacı Taleyin həbsi bir daha Azərbaycanda ədalətsizliyin və özbaşınalığın höküm sürdüyünü sübut etdi. Azərbaycan hakimiyyəti bu işə əl atmaqla bir daha nə qədər aciz və qorxaq olduğunu sübut etdi. Həqiqətən də həmd olsun Allaha ki, zalımların ağlını əlindən alıb. Çünki onlar elə hesab edirlər ki, Hacı Taleyi həbs etməklə təhlükəni özlərindən sovuşdururlar. Elə hesab edirlər ki, mübariz insanları həbs etməklə haqqın qarşısını ala bilərlər. Daha fikirləşmirlər ki, Taleləri, Abgülləri və Mövsümləri həbs etməklə onlara daha da güc, şərəf, hörmət və ehtiram vermiş olurlar.
Əvvəllər onları yalnız xalqımızın bir hissəsi tanıyırdısa, indi nəinki xalqımız bütün dünya tanıyır. Əvvəllər bu şəxslərə rəğbət bəsləyənlər bir neçə nəfər idisə, indi bütün Azərbaycanın mərd və igid övladları bu şəxsləri özlərinə rəhbər bilir.
Ağlı əlindən alınmış Azərbaycan hakimiyyəti bu cür işlər görməklə gələcəyin rəhbərlərinin yetişməsinə şərait yaratmış olur.
Bu mübariz ruhanilərin məhkəmələrdə, zindanlarda dedikləri sözlərə diqqət yetirdikdə həqiqətən də insan cuşa gəlir və ədalətsiz və tağut bir rejimdə bu cür mərd, qeyrətli, şücəatli insanların olması insana Azəbaycanın parlaq və işıqlı gələcəyi haqqında ümidlər verir.
Həqiqətən də bu mübariz insanlar Allahın Azərbaycan xalqına əta etdiyi dəyərli nemətlərdir. Gərək Allahın verdiyi bu nemətin qədrini bilək. Haqq, ədalət təhlükədə olan zaman öz haqq səslərini ucaldaraq zalımın müqabilində haqqı deyən və müdafiə edən bu şəxslərin hər birinin üzərimizdə haqqı var. Sən, mən etməli və deməli olduğumuz bütün həqiqətləri məhz bu insanlar heç bir şeydən qorxamayaraq və hətta canlarından belə keçməyə hazır olan bir halda etdilər və dedilər.
Bugün bizlər əlimizdə olan hər bir vasitədən istifadə edərək qardaşlarımıza kömək və yardım etməliyik. Onları bu mübarizə yolunda tək qoymaq olmaz. And olsun Allaha yoxsa Qiyamət günündə cavab verməli olacayıq. Hər bir imkanlarımızla – pulumuzla, duamızla, sözümüzlə, yazımızla onlara dəstək verməlyik.
Onların başlatdığı haqq yolu davam etdirməliyik. Bu hələ bir başlanğıcdır. Parlaq gələcəyin işartılarıdır. Bu səbəbdən də düşmənə bu işartıları məhv etməyə imkan vermək olmaz. Onsuzda Allah öz işini görür. Vəd verib ki, yer üzü sonda möminlərin olacaq.
Xoş olsun o kəslərin halına ki, Allah bu işi məhz onların əli ilə edəcək. Xoş olsun bugün haqq uğrunda, hicab yolunda həbsdə olan insanlara ki, onlar bu yol ilə artıq cənnəti qazanmış olurlar. Onlar həbsdə yox, gülüstandadırlar. Məhz bu insanları mübariz və şücaətli edən də bu əqidə və inamdır. Bu əqidəyə və inama sahib olan xalq və millət üçün heç vaxt məğlubiyyət yoxdur. Fərq etməz, istər zindanda olsunlar, isətrsə də azadlıqda onlar həmişə qalibdirlər.