Hacıbala Abutalıbov “çöpü” məhv etdi, amma “tiri” görmədi – Həmid Türkinin məqaləsi

“26 Bakı Komissarı”nı xatırladan “26” rəqəmini sökən hakimiyyət, Azərbaycan xalqının qızlarının mənəviyyatının pozulması istiqamətindəki fəaliyyətləri görməməzliyə vurdu
“Trut NGO” xəbər verir ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə adlanan “26-lar parkı” nın xatirəsinə açılan “26” adlı kafe Bakı şəhər icra hakimiyyəti tərəfindən bağlanılıb. Sözü gedən kafeyə şəxsən gələn Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib ki, cavabdeh şəxslər hətta cinayət məsuliyyətinə cəlb olunacaqlar.
H.Abutalıbov xatırladıb ki, hazırda “Sahil” bağı adlanan keçmiş “26-lar adına bağ”ın adı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə dəyişdirilib. Səbəb isə, orada azərbaycanlılara qarşı soyqrım təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirlərinin olmasıdır.
Əlbəttə, bu cür addım alaışa layiqdir, amma burada çox mühüm bir nüans var. “Trend” xəbər agentliyinin müxbirinin sözü gedən kafedən çəkdiyi fotolar arasında olan aşağıdakı şəkil hər bir qeyrətli azərbaycanlının diqqətini çəkməyə bilməz.
Şəkildən məlum olur ki, sözü gedən kafe Azərbaycan qızlarına və qadınlarına PULSUZ QƏLYAN təklif edirmiş. Qəlyan isə insanı cismani cəhətdən zəhərləməsi ilə yanaşı, həm də mənəvi cəhətdən məhv edir.
Müqəddəs Quranda çoxlu sayda millətlərin və tayfaların Yer üzündən silinərək məhv olmasını xatırladan neçə-neçə rəvayətlər var. Bu rəvayətlərdə həmən xalqların tarixdən silinməsinin səbəbinin, onların mənəviyyatlarının pozulması olduğu dönə-dönə xatırlanır.
Sual olunur: görəsən xalqın qızlarına pulsuz qəlyan verməkdə məqsəd nədir? Sizcə qəlyan çəkən qadının dünyaya gətirib “tərbiyə” edəcəyi övladdan nə çıxar?! Azərbaycanın gənc qızlarına pulsuz qəlyan təklif etmək millətə qarşı mənəvi terror deyilmi?! Mənəvi terror isə cismani terrordan daha təhlükəlidir.
Amma təəssüf ki, Azərbaycan Respublikası rəsmiləri “erməni Şaumyanı” bəhanə gətirib “26” rəqəminə “divan tutsalar” da, rəhbərlik etdikləri xalqa qarşı yönəlmiş bu cür mənəvi terrorlara göz yumurlar. Xatırladaq ki, mənəviyyatı pozulmuş xalq yalnız və yalnız mənəviyyatsız rejimlərə sərf edir.