Hakimiyyət Mövsüm Səmədovdan hələ də qisas alır

Rövşən Əhmədli: «Bu məsələdə də fərqli yanaşma var və Mövsüm Səmədovdan qisas alınır»
Iki gün öncə Azərbaycan İslam Partiyasının sədri, hazırda həbsdə olan Mövsüm Səmədovun atası Mərdan Səmədov dəfn edilib. Bu barədə partiya sədrinin müavini Akif Heydərli “Qafqazinfo”ya açıqlamasında məlumat verib. A.Heydərli bildirib ki, Mövsüm Səmədovun atasının yas mərasimində iştirak etməsi üçün müvafiq strukturlara müraciət olunub. Müraciət M.Səmədovun ailəsi adından ünvanlanıb.
Vəkil Anar Qasımlı isə bildirib ki, artıq rəsmən müraciət edilib: “Həm Qobustan təcridxanasının rəhbərliyinə, həm də Penitensiar Xidmətə müraciət etdik. İşçi Qrup da bununla bağlı müraciət göndərib. Hələ ki, bir xəbər yoxdur, gözləyirik”.ÿ
Penitensiar Xidmətdan “Qafqazinfo”nun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, onlara bu barədə müraciət edilib-edilməməsi haqda məlumat verə bilməzlər: “Bu, məhbusun hüquqlarının pozulması deməkdir. Bu barədə yalnız məhbusun yaxınları məlumat verə bilərlər. Penitensiar Xidmətə daxil olan hər bir müraciətə baxılır və 24 saat ərzində cavablandırılır. Razılıq verilib-verilməməsi də qanuni yollarla əsaslandırılır”.
“Azadlıq”a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli bildirdi ki, hakimiyyət Mövsüm Səmədovdan hələ də qisas alır: “Prezidentin sərəncamı olmuşdu ki, məhbusun valideyni dünyasını dəyişərsə, humanistlik əlaməti olaraq həmin məhbusa dəfn mərasimində iştirak etmək üçün şərait yaradılsın. Amma görünür, bu məsələdə də fərqli yanaşmalar var. Mövsüm Səmədovun atası dünyasını dəyişdi və ona qarşı humanistlik göstərilmədi. O, ailənin yeganə oğlan övladıdı və atasının son mənzilə yola salınmasında iştirak etməliydi. Mövsüm Səmədov siyasi sifarişlə həbs olunub, həbsxanada da ona qarşı qeyri-sağlam münasibət göstərilib və görünür bu məsələdə də sifariş var. Növbəti dəfə qisasçılıq davam etdirilir”.