Hakimiyyəti ifşa edən şok sənəd

İctimai-siyasi fəallar rəsmi əmrlərlə izlənilir
İctimai-siyasi fəalların izlənilməsi ilə bağlı redaksiyamıza şok sənəd daxil olub. Sənəd Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən hazırlanıb. Həmin sənəddən bəlli olur ki, ictimai-siyasi fəallar xüsusi nəzarət altında Azərbaycana giriş-çıxış edir. Təbii ki, şəxs nəzarətdə saxlanıldığından xəbərsiz olur. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin “ötür”, “izlə” əməliyyatları hakimiyyətin hədəfində olan bütün şəxslərə şamil olur.
Redaksiyamıza daxil olan sənəd isə konkret olaraq “Azadlıq” qəzetinin şöbə müdiri və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Seymur Həzi barədədir.
Seymur Həzi həm də Türkiyənin müxtəlif kanallarında yayımlanan və hakimiyyətin kiberhücumları nəticəsində fəaliyyətini dayandırmağa məcbur olan “Azərbaycan saatı” verilişinin redaktoru və aparıcısı olub. Onunla bağlı bu əməliyyat da məhz Türkiyəyə və Gürcüstana giriş-çıxış edərkən baş verib. Sənəddə açıq şəkildə Seymur Həzinin sərhəddən ötürülməsi və sonra izlənilməsi qeyd olunub. Bununla bağlı hətta Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin əməliyyat hissə növbətçisinə məruzə də edilib. Həmin sənədin fotosunu da təqdim edirik. Dövlət sirri hesab edildiyinə görə sənədin fotosunda müvafiq hərbi hissəsinin nömrəsi silinib. Sənədin orijinalında isə hərbi hissənin nömrəsi əks olunub.
Beləliklə, bu sənəd hakimiyyətin rəqiblərinə qarşı qanunsuz izləmə əməliyyatları təşkil etdiyinin növbəti sübutudur.
Məsələ ilə bağlı Seymur Həzi “Azadlıq”a açıqlamasında bildirib ki, o, Azərbaycana giriş-çıxış edərkən izlənildiyini hiss etmədiyini söyləsə də, hakimiyyətin rəqiblərinə bu üsullardan istifadə etməsi təcrübəsinin olduğunu deyib: “Güman etmirəm ki, bu təkcə mənə aid məsələdir. Azərbaycan hökuməti özünə təhlükə saydığı bütün şəxslərə qarşı bu cür qanunsuz addımlar atır. Və ən pisi də odur ki, bu qanunsuz əməllərə dövlət orqanlarını da cəlb edir. Əlbəttə bu cür sənədlərin ortaya çıxması hamını düşündürməlidir və bu qanunsuz əməlləri təşkil edənlər də, ona cəlb olunanlar da bilməlidir ki, belə addımları gizlin saxlamaq mümkün deyil”.
Yada salaq ki, Seymur Həzi dəfələrlə hakimiyyətin təqiblərinə məruz qalıb. O, 2011-ci ildə bir qrup naməlum şəxs tərəfindən oğurlanaraq qəddarlıqla döyülüb. Indiyə qədər müvafiq qurumlar bu cinayətin üstünü açmayıblar.
Bundan başqa Seymur Həzi bir neçə dəfə izlənilib. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, nəticəsi olmayıb.
azadliq