“Heç olmasa Qurban bayramında bizə su verin”

Saatlı rayon sakinləri susuzluqdan şikayətçidir
Saatlı rayonunun Məmmədabad və Əliabad kənd sakinləri “Azadlıq” qəzeti redaksiyasına şikayət məktubu yollayıb. Onlar susuzluqdan əziyyət çəkdiklərini bildirirlər.
“Saatlı rayonunun Məmmədabad və Əliabad kənd sakinləri bütün yayı susuzluqla keçirib. Bağlar quruyub, meyvələr yetişməmiş eybəcər hala düşərək yerə tökülüb. Həyətlərdəki, el arasında ”kaçalka” deyilən su quyularının da suyu tükənib. Müqəddəs qurban bayramının yaxınlaşdığı bu günlərdə sakinlər hakimiyyət orqanlarından bu kəndləri su ilə təmin edən, lakin çox bərbad vəziyyətdə olan “Şvarsk” kanalına heç olmazsa əl-ayaq, mal-qara üçün su buraxılmasını tələb edirlər. Yerli hakimiyyət nümayəndələri, Saatlı Suvarma Sistemləri idarəsi 10 minlərlə vətəndaşın istifadəsində olan bu kanala ögey münasibət sərgiləyir, nə təmizlənməsini, nə də heç olmazsa minimal həcmdə su ilə təmin etmək haqda düşünür”.