
Bu günlərdə ABŞ Dövlət Departamenti insan haqları üzrə və keçən ilin əhatə edən hesabat yayıb.
Hesabatın Azərbaycanla bağlı hissəsində Dövlət Departamenti əvvəlki vaxtlara nisbətən daha təfsilatlı və obyektiv olmağa çalışıb. 2013-cü ildə Azərbaycanda keçirilən seçkilərin azad və şəffaf olmaması, seçkidə iddialı namizədlər üçün bərabər şəraitin yaradılmaması kimi məsələlər öz əksini tapıb.
Müxalifət nümayəndələrinin, narazı elektoratın Konstitusiyada təsbit olunmuş sərbəst toplaşma azadlığının əliyev rejimi tərəfindən məhdudlaşdırılması, jurnalistlərin, siyasətçilərin, ictimai fəalların saxta ittihamlarla həbsə atılması, siyasi məhbusların azadlığa buraxılmaması kimi hallar haqqında hesabatda qeyd olunub.
Dövlət Departamenti İlham Əliyevi həm də ona görə tənqid edib ki, Azərbaycanda QHT-lərlə bağlı qanunlara qəbul olunmuş əlavələri də nəzərdən qaçırmayıb. Onu da qeyd edək ki, həmin əlavələr cəmiyyətin geniş kütləsinə aid olmadığı kimi qəbul oluna bilər, çünki bilirik ki, əliyev rejimindən asılı olmayan, müstəqil QHT-lərin sayı çox azdır, həmin 5-10 QHT isə əsasən qərb donorlarının payladığı qrantlar hesabına maliyyələşir və sözsüz ki, öz fəaliyyətlərində qərbin maraqlarını kənar qoya bilməzlər.
ABŞ Dövlət Departamentinin bu hesabatı əliyev rejimini narahat edib, münasibət bildirən deputatlar və dövlət rəsmiləri qeyd edir ki, ABŞ-ın bu hesabatı obyektivlikdən uzaqdır, Azərbaycanda demokratiya var, siyasi məhbuslar isə yoxdur.
Xarici işlər nazirinin müavini Araz Əzimovun reaksiyası da hakimiyyətin digər rəsmilərindən fərqlənmədi, o da ABŞ-ı qeyri obyektivlikdə ittiham etdi, onu da qeyd etdi ki, dünyada beynəlxalq səviyyədə alternativ hesabatlar da var və həmin hesabatlarda tənqid olunan Azərbaycan yox, elə ABŞ-dır. Bu hesabatın əliyev rejimi ilə ABŞ arasında münasibətlərin gərginləşəcəyini indidən demək çətindir, çünki əliyev rejiminin ən böyük havadarı elə belə tənqidləri ilə gündəmə gələn ABŞ Dövlət Departamentidir, məhz Ağ Ev İlham Əliyevin diktaturasını dəstəkləyir, o biri yandan da onu tənqid edir.
Sonda onu da qeyd edək ki, hesabatda dindar məhbuslarla bağlı məlumatların da olduğu bildirilir. Əliyev rejiminin təmsilçilərinin hesabatla bağlı reaksiyasından elə bəlli olur ki, fəalların təqibi, represiya dalğası əvvəlkindən heç də zəif olmayacaq.