ArxivXəbər lentiXəbərlər

Hökumətin rüsvayçı Nardaran təbliğatı

Erməni kilsəsinə pulsuz qaz verənlər, Nardarana qaz verilməsini humanizm kimi təqdim edir

Hökumətlərin hesabat verəcəyi qüvvə xalqdır. Ona görə də qanunun şah olduğu, şəffaflığın hökm sürdüyü ölkələrdə hökumətlər məsuliyyətli olur, səviyyəli təbliğat qurur, vətəndaş qınağından çəkinir. Azərbaycanda isə insan həyatı ucuzlaşdığına, şah qanuna çevrildiyinə görə, istənilən absurda imza atmaq mümkündür. Məsələn, ləyaqətli bir insanı ləkələmək, böhranı inkişaf kimi qələmə vermək, saxtalaşdırılmış seçkiyə şəffaflıq donu biçmək mümkündür.

Yəni hökumət cəmiyyəti ram etdiyini, heç kimə hesabat verməyəcəyini başa düşəndə ölçünü itirir. Indi də utanmaz-utanmaz Nardarana qaz verilməsini humanizm kimi təqdim edirlər. Hökumət mətbuatı bu hadisəni elə təqdim edir ki, guya Nardarana qaz verilməsi mümkünsüz olanı həyata keçirməkdir. Hələ utanmadan “dövlət Nardarandakı sosial problemlərin həllini öz üzərinə götürdü” təbliğatı aparırlar. Guya, Nardarandakı problemləri Fransa, Almaniya, ABŞ hökumətləri həll etməliydi.

Uzun illər Nardaranı bütün qayğılardan məhrum edib ayrıca ada kimi formalaşmasına şərait yaradıblar, indi isə “islahat aparırıq” deyib, camaata minnət qoyurlar.

Bugünə qədər Nardaranda hansı sosial layihələr həyata keçirilib? Niyə Nardaran hökumətin yadına 20 ildən sonra düşdü? Illər öncə bu kəndin problemlərini həll etmək olmazdımı? Mümkündür ki, “Gül bayramı”na görə xaricdən gətirilən 10 milyonluq gülü Nardaran və digər Bakı kəndləri təmin etsin. Bir halda ki, bu milyonlar havaya sovrulur, heç olmasa ölkə vətəndaşının dolanışığına, gülçülüyün inkişafına, işsizliyin azalmasına sərf olunsun.

Indiki halda isə “Nardarana qaz verildi” xəbərindən piar düzəltmək vətəndaşı ələ salmaqdır. Məgər erməni kilsələrinə pulsuz qaz verən hökumətin Nardarana qaz verməsi təəccüblüdür? Nardaran bu ölkənin ərazisidir və naradaranlılar da bu ölkənin vətəndaşıdır.

Əksinə, Naradarana qaz verilməsini bəh-bəhlə tirajlamaq hökumətin ifşasına xidmət edir. Dünyaya qaz satan ölkənin “vətəndaşıma qaz verdim” deməsi, utancvericidir.

Yuxarıda da qeyd etdiyimiz kimi hakimiyyət cəmiyyəti elə vəziyyətə salıb ki, insanları ən xırda uğurlara sevinməyə məcbur edirlər. Üstəlik, “zəhmətkeş məktubları” təşkil edib, qaz verilişinə təm-taraq düzəldirlər. Guya, kənd sakinləri hökumətin humanizmindən məst olub.

Istənilən halda Nardaranda baş verənlər uzun müddət müzakirə mövzusu olacaq və həqiqətlər ortaya çxacaq. O zaman hamı əsl “ssenari” ilə tanış ola biləcək./samir/

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button