“İbrahimbəyov Bakıya qayıdacaq…”

Milli Şuranın Tbilisidəki yığıncağından geri dönən Milli Şura üzvü Mehman Əliyev toplantı haqda təəssüratlarını “Amerikanın Səsi” ilə paylaşıb. Onun sözlərinə görə, seçki kampaniyasına bir neçə həftə qalmış Milli Şura nümayəndələrinin vahid namizədlə görüşü böyük önəm daşıyırdı.
Yığıncaqda bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edən Mehman Əliyev Milli Şurada mübarizə əhval ruhiyyəsinin yüksək olduğunu söyləyib.
“Hakimiyyət Rüstəm İbrahimbəyova qarşı əngəllər yaradır və o əngəlləri aradan qaldırmaq bizim daxili işimizdir,” deyə Əliyev bildirib. O, əlavə edib ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməkdə qərarlıdır və müxalif qüvvələr qarşıdan gələn aylarda birgə mübarizə aparmağı planlaşdırırlar.
“Demokratik qüvvələr imkan verməməlidirlər ki, hakimiyyət alternativsiz seçki keçirsin,” deyə Mehman Əliyev həmçinin seçkilərdə fəal iştirakın vacib olduğunu qeyd edib.