“Azərbaycan Cənubi Qafqazda peyvənd prosesinə başlayan ilk dövlətdir”.
“Turan” xəbər verir ki, Prezident İlham Əliyev fevralın 26-da mətbuat konfransında belə deyib.
O bildirib ki, Azərbaycan Avropadan sonra vaksinasiyaya başlayıb: “Biz Avropadan cəmi bir ay sonra peyvəndə başlamışıq”.
O qeyd edib ki, Azərbaycanda peyvəndlər Çin istehsalı olan “CoronaVac” peyvəndidir: “Biz həmçinin COVAX sisteminə qoşulmuşuq və bu çərçivədə digər vaksinləri – “AstraZeneka”, “Moderna” və “Pfizer”i alacağıq”.
“Rusiya tərəfilə bizim “AstraZeneka” vaksinin Azərbaycana tədarükü ilə bağlı müvafiq sənədlər imzalandı, çünki Rusiya şirkətləri postsovet məkanında həmin vaksinin distribyutorlarıdır. O cümlədən də “Sputnik-V” vaksinin tədarükü ilə bağlı. Lakin hələ ki bu vaksinlər ölkəmizə gəlib çıxmayıb. Bizdə olan məlumata görə, “Sputnik-V” hələ ki Rusiyanın daxili tələbatları təmin edir və bu vaksin çox məhdud sayda xarici ölkələrə tədarük edildi”, – ölkə başçısı deyib.