İnsan Allahdan ona ibadətlərin şirinliyini daddırmağı istəməlidir – Ramazanın 7-ci gününün duası

İnsanın qərar verməsi və iradəsi onun yolunu müəyyənləşdirən əsas amildir. Lakin insan gündəlik işlərində, ibadətlərində, eləcə də günahlardan uzaq durmaq üçün göstərdiyi səylər zamanı Allahın yardımına möhtacdır.
bu gün müqəddəs Ramazan ayının 7-ci günüdür. Belə bir gün üçün nəzərdə tutulmuş münacatda insana, hətta ibadətlərdə belə Allahdan yardım diləmək tövsiyə olunur. İnsan belə bir gündə Allahdan ona ibadətlərin şirinliyini daddırmağı istəməlidir.
Ramazan ayının 7-ci gününün duası:
“Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.”
Tərcüməsi:
“İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!”
Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.