ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İntiqam Hacılı: “Bəzi direktorlar dostluq etdiyi aktyorların adlarını titul və Prezident təqaüdünə yazdırırlar”

Müsahibimiz kino və teatr prodüseri, rejissor, ssenarist İntiqam Hacılıdır.
Onunla Azərbaycan teatrının mövcud problemlərindən və həlli yollarından danışdıq.
— 2022-ci ilin mayından 2024-cü ilin fevralına qədər Lənkəran Dövlət Dram Teatrında direktor müavini və direktor vəzifəsini icra etdiniz. Əmək müqavilənizin uzadılmamasına səbəb nə oldu?
– Lənkəran Dövlət Dram Teatrında olan problemlər Azərbaycan teatrlarına xas – maddi-texniki baza, repertuar, sexlərin vəziyyəti və kadr çatışmazlığı idi. Texniki işçilərin sayı az idi. Teatrda təhsilli və peşəkar aktyorlar ancaq yaşlı nəsil idi. Gənc aktyorlar isə bu peşəni teatr daxilindəki yaradıcı proseslərdən öyrənmişdilər. İxtisasca aktyor deyildilər. Yenə də sağ olsunlar ki, teatrdakı iş prosesinə kömək olurdular. Otaqların iş şəraiti – kondisioner, kompüter, internet – yox idi. Teatrda şənbə-bazar tamaşaları verilmirdi. Repertuar az və yaxşı deyildi, tamaşaların reklamı aparılmırdı. Qısa müddətdə sadaladığım və sadalamadığım problemləri aradan qaldırdıq. İşlədiyim qısa müddətdə teatra 25 nəfərə yaxın gənc və işini bilən digər yaşlarda olan kadrlar götürüldü.
– Kadr çatışmazlığı məsələsinin həllindən sonra problemlər aradan qalxdı?
– Yox, sadəcə, bu işçi heyətilə teatrda iş prosesini sürətləndirdik. Repertuarda tamaşaların sayını çoxaltdıq. Şənbə-bazar tamaşalarını bərpa etdik. Tamaşaçıları teatra cəlb etdik. İlk əvvəllər bu nəticə 10-15 nəfər idisə, getdikcə onların sayı artmağa başladı, açıq kassanın fəaliyyəti yüksəldi. Lənkəranlılar teatra öyrəşirdilər və tədricən tamaşaçı sayı 40-70 nəfərə qalxdı. Premyeralarda bu rəqəmlər 100-200 arası olurdu. Planımızda kommersiya xarakterli, klassik və festival üçün hazırlanan tamaşalar vardı. Bir il bir ay ərzində çox böyük işlər gördük. Azərbaycan teatrında ilk dəfə olaraq verbatim – sənədli teatr janrında tamaşa qoyduq. Uzun illərdən sonra Lənkəran Dövlət Dram Teatrında iki mono-tamaşa hazırlamağa başladıq. Birini tam hazır etdik və hər ay nümayiş olunurdu. 2024-cü il fevralın 5-də isə müqavilə müddətim bitdi. Bu müddət ərzində teatrın idarəçiliyində və yaradıcılğında böyük dəyişikliklər oldu.
– Bu fikirlə razılaşırsınız ki, Azərbaycan teatrının mövcud problemlərinin kökündə sovetdənqalma sistem dayanır?
– Bəli, elədir. Azərbaycanda dövlət teatrları hələ də sovetlər dönəmindən qalan sistemlə fəaliyyət göstərirlər. Bu da teatrların inkişafının qarşısını alır. Sovetlər İttifaqı dağıldıqdan sonra sosialist ölkələr azad bazar iqtisadiyyatına – kapitalizm sisteminə keçdilər. Həmin ərəfədə istər-istəməz, mədəniyyətin bütün sahələri kimi teatrda da durğunluq yaşandı. Sonralar Prezidentin sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı hazırlandı. Proqramda teatrların maddi-texniki bazasının yaxşılaşdırılması və yeni kadrların yetişdirilməsi, həmçinin azad bazar iqtisadiyyatı ilə ayaqlaşma, marketinq strategiyasının teatrlarda tətbiqi kimi məsələlər vardı. Təəssüf ki, dövlət proqramında göstərilən əsas vacib məsələlər teatrlara tətbiq olunmadı. Hətta 2020-ci ilə qədər ölkə başçısı tərəfindən regionlardakı teatrların maddi-texniki bazasının yaxşılaşdırılması üçün dəfələrlə maliyyə ayrıldı. Lakin teatr direktorları ayrılan pulları təyinatı üzrə xərcləməyiblər. Teatrın içərisinə girib, zala və səhnəyə baxdıqda bunu dərhal görürsən.
