AktualAktualArxivXəbərlər

Azərbaycandakı orta məktəb şagirdləri ilə bağlı dəhşətli statistika – Araşdırma

“2003-ci ildə orta məktəbə qəbul olan uşaqlarımızın təxminən 38 min nəfəri və ya 30%-i tam orta təhsildən uzaq düşüb”

Artıq buraxılış imtahanlarında 2 və ya 3 alan şagirdlərin sayının çoxluğu təhsilimizin düşdüyü bataqlığın nə qədər dərin olduğunu bilmək üçün yetərli deyil. Doğrudur, bu göstəricinin səviyyəsinə görə də təhsilimizin durumunu faciəvi olduğunu çəkinmədən söyləmək olar. TQDK-nın yaydığı məlumatlar əsasında aparılan ümumiləşdirmənin nəticələrinə görə bu il təxminən 110.5 min şagird 9-cu sinfi, 82.5 min şagird 11-ci sinfi bitirib. 9-cu sinfi başa vuranların ən azı 30, 11-ci sinfi bitirənləri 20%-i bir fəndən “2” alıb. Ümumilikdə buraxılış imtahanı verən 193.5 min 9 və 11-ci sinif şagirdindən 126.9 min nəfəri və ya 66%-i buraxılış imtahanlarından “2” və “3” qiymət alıb. Hələ orası da var ki, indiki qiymətləndirmə sistemi qüsurludur. Birinci ona görə ki, beynəlxalq praktikadan çıxış etsək, ümumi imtahan suallarının ən azı 30%-dən çoxunu cavablandıran iştirakçılar “3” ala bilir. Bu standart tətbiq edilsə, bizdə 30 buraxılış imtahanının azı 10 sualına cavab verən şagird “2” qiymətdən yaxa qurtara bilər. TQDK isə hazırda 8 sualı cavablandıran şagirdə “3” almaq şansı tanıyır. Bu sistem tətbiq edilsə, böyük ehtimalla “2” alanların sayı xeyli çox ola bilər. Hətta Rusiyada Vahid Dövlət İmtahanında ana dilindən ümumi sualların azı 40%-ni düzgün cavablandıran şagirdlər “3” alır. Azərbaycanda həmin göstərici 25%-dir.
İkinci qüsur imtahanların sayı ilə bağlıdır. Bizdə cəmi 2 imtahandan imtahan verilir. Bir təbiət fənni və xarici dil imtahanı da buraxılış imtahanları sırasına daxil edilsə, yəqin ki, “kəsilən” şagirdlərin sayı indikindən əhəmiyyətli dərəcədə çox olacaq. Və şagirdlərin biliyinin hərtərəfli inkişaf etdirilməsi baxımından imtahan fənlərinin sırasının genişləndirilməsi çox vacibdir. Belə də ölkənin təhsil sisteminin də gerçək durumu ortaya çıxar. Məsələn Rusiyada Vahid Dövlət İmtahanı 11 fəndən verilir. Qazaxıstan hökuməti növbəti ildən 9-cu siniflər üçün 3 fəndən – ana dili, riyaziyyat və xarici dilindən imtahan verməklə bağlı qərar qəbul edib.
Amma indi “2” alanların sayının çoxluğu qədər də təhlükəli problem 6-17 yaşlı uşaq və yeniyetmələrin xeyli hissəsinin orta təhsildən kənarda qalmasıdır. Uşaqlar, xüsusilə də 15-17 yaşlı yeniyetmələr məktəbdən divarlarından kənar düşdükdə çox təhlükəli olurlar. Özü də o ölkədə ki, faydalı işlə məşğul olmaq üçün heç bir seçim yoxdur. Əvəzində radikal dini qruplara, cinayətkar dəstələrə qoşulmaq üçün daha əlverişli şərtlər var.

Rəqəmlərə baxın, nəticə çıxarın:

1) Bu il 11-ci sinfi bitirən şagirdlər 2003-2004-cü tədris ilində 1-ci sinfə gediblər. Həmin il ölkənin bütün orta məktəbləri üzrə 137.1 min uşaq 1-ci sinfə qəbul olub. 2012-ci ildə həmin uşaqların 117.3 min nəfəri 9-cu sinfi bitirib. Göründüyü kimi 20 min uşaq və ya 1-ci sinfə qəbul olanların 15%-i hətta 9 illik təhsildən kənarda qalıb. Bəlkə bu uşaqlar ölkədən köçüb? Rəsmi statistika bunu inkar edir. Rəsmi məlumata görə 2004-2012-ci illərdə başqa ölkələr cəmi 17 min nəfər köçüb gedib. Miqrantların yaş strukturunda da uşaqların payı 20%-i ötmür. Hətta emiqrasiya ehtimalı nəzərə alındıqda, yenə də 15 minədək uşaq 9-cu sinfi bitirmədən orta təhsildən ayrı düşüb. Ölüm əmsalını nəzərə almıram, çünki rəsmi məlumata görə, 6-17 yaşlı uşaqlar arasında ölüm faizi 0.3-0.4%-dən çox deyil.

2) 2012-ci ildə 9-cu sinfi bitirən 117.3 min şagird bu il tam orta təhsil sistemini başa vurmalı idilər. Amma rəsmi məlumata görə 11-ci sinfi 82.5 min şagird bitirib. Cəmi 2 ildə 35 min yeniyetmə orta məktəb divarlarından hara buxarlandı? Bəlkə ölkədən köçüb gediblər? Rəsmi məlumata görə, son il yarımda başqa ölkələrə köçüb gedənlərin sayı heç 1000 nəfər də deyil. Həmin uşaqlardan təxminən 12.5 min nəfəri 9 illik təhsil bazasından peşə məktəblərə və kolleclərə daxil olublar. Yerdə qalan 22.5 min nəfər sadəcə orta məktəbi buraxıb, nə işlə məşğul olduqları bəlli deyil.
Göründüyü kimi, 2003-ci ildə məktəbə qəbul olan uşaqlarımızın təxminən 38 min nəfəri və ya 30%-i tam orta təhsildən uzaq düşüb. UNESCO-nun 2013-2014-cü illər üzü “Hamı üçün Təhsil Qlobal Monitorinq Hesabat”ın görə, inkişaf etmiş ölkələrdə tam orta təhsillə əhatə əmsalı 100%-ə yaxındır. Bu ölkələrdə 17-18 yaşlı uşaqların 85-90%-i ənənəvi orta məktəbləri, yerdə qalan hissəsi isə peşə təhsili məktəblərini bitirirlər. Rəqəmlərdən göründüyü kimi, Azərbaycanda bu yaşda uşaqların azı 30%-i tam orta təhsil ala bilmir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini,
iqtisadçı ekspert Rövşən Ağayev

azadxeber

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button