“Təcavüzkarlara tətbiq edilən model Səudiyyə qarşı da işlənməlidir”

Analitiklər Səudiyyə Ərəbistanının Yəməni bombardman etməsini qınadı
Bir neçə gün öncə Səudiyyə başda olmaqla koalisiya qüvvələri Yəməndə yas mərasimini bombardman etmişdi. Faciə nəticəsində 200-dən çox dinc sakin həlak olmuş, 600-ə yaxın insan isə yaralanmışdı. Dinc əhali arasında qurbanların sayının çox olmasına baxmayaraq, dünya ictimaiyyəti bu hadisəni çox laqeydliklə qarşıladı. Bəs görəsən, buna səbəb nədir və belə halların qarşısını necə almaq olar?
Bu barədə FaktXəbər-ə açıqlama verən politoloq Hikmət Hacızadə hadisəni qətiyyətlə pislədiyini dedi: “Hər kim eləyibsə, bu cinayətdir, dinc əhaliyə qarşı soyqırımdır. Neyləmək olar? Birinci istintaq aparılmalı, canilər tapılmalıdır. Və əlbəttə ki, beynəlxalq tribunal bunu hərbi, yaxud başqa bir cinayət kimi qəbul edib, onları cəzalandırmalıdır. BMT-də də bu məsələ qaldırılmalıdır. Hansısa beynəlxalq təşkilat, ya məhkəmə bu işlə məşğul olmalıdır. XXI əsrdə dinc əhaliyə qarşı belə zülm əlbəttə ki, qəbulolunmazdır.”
Siyasətçi vurğuladı ki, Yaxın Şərqdə bu faciələri eşidəndə sarsılır: “Səhər durub görürəm yenə qan, yenə partlayış… Nə olub, nə təhər olub, nədən bütün müsəlman dünyasını qan bürüyüb, onu bir Allah bilir? Belə xəbərləri eşidəndə özümü çox pis edirəm.”
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə də FaktXəbər-ə açıqlamasında Səudiyyə Ərəbistanının faşizmlə məşğul olduğunu dedi: “ABŞ-ın dünyada törətdiyi cinayətləri Yaxın şərqdə bu dövlət törədir. Hər bir iş gələndə ərəblərin başına, əvvəllər deyirdilər “burda ingilis barmağı var, indi baxıb görürük ki, burda “Səudiyyə Ərəbistanın barmağı var.””
“Sabah BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlananda Amerika, İngiltərə və sair buna veto qoyacaqlar”, – deyən siyasətçi əlavə etdi ki, bunların qarşısının alınması üçün dünya siyasətçiləri pula satılmamalıdır.
DEVAMM sədri, ilahiyyatçı filosof İlqar İbrahimoğlu isə FaktXəbər-ə açıqlamasında Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlərin bir neçə amildən qaynaqlandığını vurğuladı: «İlk olaraq, bu, Səudiyyənin jandarm funksiyalarından irəli gəlir. Belə ki, Qərb dövlətlərinin geo-strateji sxemlərinə uyğun olaraq, Səudiyyə rejimi İsrail rejimi ilə sinxron olaraq, Yaxın Şərq bölgəsində kolonial siyasətin davam etməsi ilə bağlı onun üçün müəyyən edilən funksiyaları yerinə yetirir.
İkinci tərəfdən, Səudiyyə rejimi regionda öz maraqlarından çıxış edərək, nüfuz dairəsini genişləndirmək istəyir. Öncə bunu populist proqramlarla, “xeyriyyəçi” imicini dəstəkləməklə etməyə çalışırdılarsa, indi artıq maskalarını kənara atıb, yırtıcı mahiyyətlərini ortaya qoyublar.
Üçüncüsü, Səudiyyənin daxilində problemlər və qarşıdurmalar şiddətlənir və rejim, “düşmənə qarşı birləşmək” konstruksiyası əsasında problemlərin həllini təxirə salmaq istəyir.
Dördüncüsü, hakim klanın daxilində hərc-mərclik olmazın həddə çatıb və bu cür əzələ nümayişi ilə klandaxili hədə impulsları verilir».
İlahiyyatçı onu da vurğuladı ki, bu sırada təkfirçi-vəhhabi dözümsüzlüyü və müsəlmanların canına və qanına qənim kəsilməsi də xüsusi yer tutur.
DEVAMM sədrinin sözlərinə görə, bu cinayətlərin qarşısının alınması üçün həm müsəlman dövlətlərinin, həm də ümumilikdə dünya ölkələrinin üzərinə böyük məsuliyyət düşür: “Ən ümdəsi, problemin mahiyyəti bilinməli və yayılmalıdır. Təcavüzkar qüvvələrə qarşı tətbiq edilən model, Səudiyyə rejimini durdurmaq üçün işlənməlidir.
Bunlarla yanaşı, ölən və yaralananlara görə kompensasiya, dağıntıların bərpası və bu kimi ödənişlərin də Səudiyyə rejimindən alınması, beynəlxalq birliyin həll etməli olduğu məsələlərdəndir”.
“Təbii ki, bütün bunlar ikili standartlardan tam imtinaya nail olunduğu təqdirdə realdır”, – deyə ilahiyyatçı sözlərini yekunlaşdırdı.