Islam
Ərdəbilin cümə namazınin xütbələri – 3 yanvar

Birinci xütbə
بسم الله الرحمن الرحیم
Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Təqvasızlıq insana əbədi həyatda peşmançılıq yaşadır. Allah-Taala Qurani-Kərimin bir sıra ayələrində öz həyat tərzindən peşman olmuş insanlardan söz açır. Allah onların dilindən tez-tez “ləytə” sözünü işlədir. Bu söz “ey kaş” mənasını bildirir. Allahın bu sözü təkrarlaması bizə lütfdür. Ona şükr etməliyik ki, cəhənnəm əhlinin peşmançılığını bu dünyada yadımıza salır. İbrət götürsək əbədiyyətdə bu söz dilimizə gəlməz. Quranın bu ayələrini oxuyanda sanki həmin insanlarla söhbət edirsən.
İlk “ləytə” sözü ilə belə bir ayədə rastlaşırıq:
فَقَالُوا یَا لَیْتَنَا نُرَدُّ وَلَا نُکَذِّب بِآیَاتِ رَبّنَا
“Ey kaş, dünyaya qayıdaydıq.” (Ənam, 27).
Deyirlər ki, dünyaya qayıtsaydıq, Allahın ayələrini təkzib etməzdik. İkinci halda arzulayırlar ki, ey kaş, torpaq olaydıq. (Nəbə, 40).
یَقُولُ الْکَافِرُ یَا لَیْتَنِی کُنتُ تُرَابًا
Bu dünyadan gedəndən sonra insan öz həqiqi qiymətini görüb torpaqdan qiymətsiz olduğunu anlayır və arzu edir ki, ey kaş, torpaq olaydım. Amma bu arzular həyata keçəsi deyil.
Üçüncü məqamda arzu edir ki, ey kaş, əməllərimdən qaçmaq üçün bir yol olaydı. (Zuxruf, 38).
قَالَ یَا لَیْتَ بَیْنِی وَبَیْنَکَ بُعْدَ الْمَشْرِقَیْنِ فَبِئْسَ الْقَرِینُ
Dördüncü “ləytə” deyiləndə arzu olunur ki, ey kaş, dünyada ibadət əhli olaydım. (Əhzab, 66).
یَا لَیْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَ
Deyər ki, ey kaş, namaz qılaydım, xeyir iş görəydim. Allah və Onun rəsuluna itaət edəydim.
Beşinci məqamda arzu edir ki, ey kaş, şirkə bulaşmayaydım. (Kəhf, 42).
یا لَیتَنِی لَم أَشرِک بِربِّی أَحَداً
Deyər ki, ey kaş, hər şeyin Allahın qüdrət əlində olduğuna inanaydım, Allahdan qeyrisinə ümid bağlamayaydım, inadkarlıq göstərmədən “hər şey Sənin əlindədir” deyəydim.
Altıncı məqamda deyir ki, ey kaş, Peyğəmbərə bənzəyəydim. (Fürqan, 27).
یالَیتَنِی اِتَّخَذتُ مَعَ الرَسُولِ سَبِیلاً
Deyər ki, ey kaş, məni Peyğəmbər məqsədinə çatdıracaq yol seçəydim. Peyğəmbərə bənzəməməyimiz böyük müsibətdir. Peyğəmbərin həyat tərzi, rəftarlarından uzaq olmaq bədbəxtçilikdir.
Yeddinci məqamda “ey kaş, filan kəsi dost seçməyəydim” deyər. (Fürqan, 28).
یاوَیلَتی لَیتَنِی لَم أَتَّخِذُ فُلاناً خَلِیلاً
Görün pis dostlar insanı necə bədbəxt edir! Pis dost insanı azğınlığa sürükləyir, günaha aparır, həyatına od vurur, ömrünü puça çıxarır.
Səkkizinci məqamda insan “ey kaş” deməklə ölüm arzulayır. (Haqqə, 25).
یالَیتَها کَانَتِ القَاضِیَه
Deyər ki, ey kaş, canım çıxandan sonra hər şey başa çataydı.
Doqquzuncu arzu əməl naməsi ilə bağlıdır. Arzu edər ki, ey kaş, əməl naməmi əlimə verməyəydilər. (Haqqə, 25)
و أَما مَن أُوتِیَ کُتُبِهِ بِشِمالِه فَیَقُولُ یالَیتَنی لَم أُوت کِتابِیهِ وَ لَم أَدرِ ما حِسابِیهِ
Əməl naməsini sol əlinə alan şəxs arzu edər ki, ey kaş, naməni əlimə verməyəydilər, hesab-kitabın nə olduğunu bilməyəydim.
Bəli, bu dünyada hesab-kitabsız yaşayan insan axirətdə belə arzular dilə gətirir. Çünki varlıq aləminin hesabı var. ” Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (Yunus, 61).
وما یغرب عن ربک من مثقال ذرة فی الأرض ولا فی السماء
Onuncu məqamda arzu edir ki, ey kaş, dünya həyatından axirət üçün azuqə götürəydim. (Fəcr, 24)
یا لَیتَنی قَدّمتُ لِحَیاتی
Ayəyə diqqət yetirsək görərik ki, əsl həyat dünya həyatı yox, axirət həyatı sayılır. İnsan arzu edir ki, ey kaş, əbədiyyət üçün bir iş görəydi.
Əzizlər! Bu “ya ləytəni” kəlmələrini yazın və həmin sözlərlə nəfsinizə öyüd-nəsihət verin.
İnsan üçün ən böyük peşmançılıq budur ki, böyük var-dövləti olsun, övladları üçün geyim, maşın, bir sözlə, hər şey alsın, amma axirəti üçün bir iş görməsin. Axirətdə bundan böyük peşmançılıq yoxdur ki, bütün var-dövlətini vərəsələri üçün dünyada qoyub boş əllə gəlsin. Bu sərvət üçün zəhmət çəkilib, tər axıdılıb. Əziyyəti ölənə qalıb, ləzzəti vərəsələrə. İnsana deyilər ki, nə üçün var-dövlətinə xəzinədar oldun?! Yəni ondan istifadə etmədin. İnsan üçün ağır dərddir.
Vəqf həftəsində yaşayırıq. Vəqf odur ki, insan dünyadan gedəndən sonra da öz malına nəzarət edir. Dünya həyatı ilə əlaqə kəsiləndən sonra insan vəqf etdiyi malın səmərəsini görür. Allah vəqf olunmuş malın savabını insana çatdırır. Əgər ehtiyacınızdan artıq malınız varsa onu xəstəxana, məktəb kimi cəmiyyətə faydalı yerlərə vəqf edin. Bu işi görməyən insan necə rahat yata bilər?! Sən tox qarına yatdığın zaman kimlərsə aclıqdan əziyyət çəkir. Peyğəmbər (s) buyurur ki, qonşusu ac ikən tox qarına yatan insan mənə iman gətirməyib. Həzrət (s) buyurur ki, bir məntəqədə ac insanlar varkən toxlar rahat yatırsa Allah qiyamət günü onlara mərhəmət gözü ilə baxmaz. Bəli, ehtiyaclıları bizə tapşırıblar. İmam Sadiq (ə) buyurur ki, varlı şiələrimiz ehtiyaclılara münasibətdə bizim əmanətçilərimizdir. (Üsuli-Kafi). Həzrət buyurur: “Onları (ehtiyaclıları) qorumaq bizi qorumaqdır. Bizi onların arasında hifz edin.” Sonra həzrət həmin insanlar üçün dua edir. Onları “əmin” adlandırır. Əgər bir şəxs əmanətə xəyanət edərsə ondan əmanəti geri alarlar. Geri almağın da növləri var. Həzrət Əli (ə) buyurur ki, Allah insanlara yardım üçün bəzi bəndələrinə sərvət verib. Nə qədər ki, əlləri açıqdır sərvətləri yerindədir. Elə ki əllərini sıxdılar, sərvətləri geri alınar. Necə də gözəl sözdür: Kim vəqf etsə Allah bu adamın dünyada sədəqə verdiyini yazar. Həzrət Əli (ə) buyurur: “Hər kəs vəsiyyət etsə, (vəsiyyətdə) zülmə yol verməsə, (varislərə) zərər vurmasa, öz həyatında sədəqə vermiş kimidir.” (Üsuli-Kafi). İmkan tapanda rəvayət kitablarına nəzər salın. Görün Peyğəmbər və İmamlar öz sərvətlərini necə vəqf ediblər. Peyğəmbər və İmamların vəqf qapısı adlı bir qapı açıblar.
İmam Səccad (ə) üç dəfə xəstələnir və hər dəfə xəstələnəndə vəsiyyət edir ki, filan malımı filan yerə xərcləyin. Xəstəlikdən şəfa tapır və vəsiyyətləri yerinə yetirilir.
Həzrət Peyğəmbər (s) bir yəhudinin ona verdiyi 7 bağı vəqf edir. Əmisi Abbasa irs çatmır. Həzrət Əli (ə) Mədinədəki evini ehtiyaclı xalalarına vəqf edir və yazır ki, onlar həyatdan gedəndən sonra müsəlman hacıların istifadəsinə verilsin. (Təhzibul-əhkam).
لا تباع ولا توهب حتى یرثها الله الذی یرث السماوات والأرض
Vəqf satılmır, hədiyyə verilmir. Yer və göy Allahındır və Ona çatasıdır. İmam Sadiq (ə) öz evini yoxsul yaxınlarına vəqf edir. Vəqfnamədə yazır ki, bu insanlar həyatdan köçəndən sonra başqa ehtiyaclılara sərf olunsun. Həzrət Peyğəmbərin (s) dövründəki müharibələrdən birində həzrət Əliyə (ə) də bir qədər torpaq çatdı. Həzrət (ə) külüng götürüb bu torpaqda o qədər çalışdı ki, su fəvvarə vurdu. (Vəsailuş-şiə).
فخرج منها ماء ینبع فی السماء
Həzrət həmin quyunun adını “yənbə” qoyur. Bu ad dəvənin qalxan boynuna işarədir. Adamlar oraya toplaşıb öz aralarında danışırlar ki, bundan sonra Əlinin vərəsələri möhtac olmayacaq. Görün bu torpaqdan necə sərvət çıxmışdı. Həzrət kağız-qələm istədi və yazdı ki, quyunun suyu bütünlüklə sədəqədir. Kimin üçün? O insanlar üçün ki, həcc yolunda burada dayanıblar, ehtiyaclıdırlar. Həzrət vəqfnamənin sonunda bu vəqfi pozan adamlara lənət də yazdı.
Əzizlər! İxtiyarınızda olan ehtiyacdan artıq malla cəmiyyətin bir çox problemlərini həll etmək olar. Nə qədər ki, məkan və zaman divarları aradan qalxmayıb bu əməlin faydasını dərk etməyəcəyik. Görün məsihilər necə vəqf edir! İsveçdə bir şəxs bütün sərvətini elmin inkişafı yolunda vəqf edib. Böyük bir universitet yaradıb. Bu universitetdə saysız tələbələr təhsil alır.
Əndəlus dediyimiz İspaniyada bir zaman müsəlmanlar məğlubiyyətə uğrayıb. Keşişlər məsihilərə göstəriş verdi ki, üzüm bağlarını vəqf etsinlər. Vəqfdə yazdılar ki, üzümdən şərab çəkilsin, müsəlmanlara çatdırılsın. Kilsə əmr etdi ki, həzrət Məsihin adı ilə ən gözəl qızlarınızı müsəlman gənclərin ixtiyarına verin. Nəticədə müsəlman gənclər günah bataqlığında qərq oldu. Onlar məst halda küçələri dolaşırdılar. Onları qətliam etdilər. Həmin dövrün ən böyük qətliamı bu oldu.
İnşaallah, şahid olarıq ki, vəqf cəmiyyətin iqtisadi və ideoloji problemlərini həll etməyə qadirdir. Məntəqədə bu sahədə böyük bir addım atılar və ustanımız nümunə göstərilər. Mən vəqf edən möhətərm şəxslərə təşəkkürümü bildirirəm, Allah-Taaladan onlar üçün lütf diləyirəm.
———————————————————————————————————————————————————————-
İkinci xütbə