Bu gün İmam Rzanın (ə) mövlududur

Hicri-qəməri təqvimi ilə bu gün zilqədə ayının 11-i, müsəlmanların səkkizinci imamı Əbul-Həsən Əli ibn Musa Rzanın (148-203 h.q) doğum günüdür.
İslaminSesi.info xəbər verir ki, imam Mədinə şəhərində dünyaya göz açıb. Atası islam dünyasının yeddinci imamı İmam Kazim (ə) anasının mübarək adı Ümmu-Bənin, digər adı isə Nəcma olub.
İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 203-ci ildə 55 yaşında ikən Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib. İmama qarşı sui-qəsd onun Xorasana dəvət edilməsi və vəliəhdliyin ona həvalə edilməsindən sonra həyata keçirilib.
Tarixşünasların məlumatına görə, imam Rza(ə) Xorasanda olarkən xəlifə Məmun tərəfindən məcbur edilir və təzyiqlərə məruz qalır. Bununla belə, imam Məmunun yaşadığı dövrdə hökumət işləri və siyasətə qarışmayacağını bildirir.
Şəhid edilən imam Tus (Məşhəd) şəhərində dəfn edilir.
İndi imamın şəhid edilməsindən 1200 il keçməsinə baxmayaraq, hər gün onun məzarı və məqbərəsinin ziyarətinə saysız-hesabsız zəvvar gedir.
İslam alimlərindən Şeyx Səduqun İbrahim ibn Abbasdan nəql etdiyi hədisdə imamın məziyyətləri barədə belə deyir: “Mən imam Rzanın (ə) sözlə kimisə narahat etməyini, kiminsə sözünü yarıda qoymağını heç vaxt görmədim. O həzrət başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınarkən xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə yemək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi, o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə paylayardı.”
Bu gün Azərbaycan da daxil olmaqla, bir çox müsəlman ölkələrində imam Rzanın(ə) doğum günü ilə əlaqədar müxtəlif mərasimlər keçiriləcək.