Azərbaycanın korrupsiya reytinqi niyə qonşularından üç dəfə pisdir?

Necə etmək olar ki, Azərbaycanda korrupsiya və rüşvət cilovlansın? Gürcüstan bunu necə edib?
Necə olur ki, qonşu Gürcüstanın və Ermənistanın beynəlxalq korrupsiya reytinqi Azərbaycandan üç dəfəyə qədər yaxşı olur?
Beynəlxalq anti-korrupsiya təşkilatı olan Trasparency International-ın dünyada korrupsiyanın səviyyəsinə dair 2021-ci il hesabatında Azərbaycan 180 ölkə arasında 128-ci yerdə olduğu halda, Gürcüstan 43-cü, Ermənistan 58-ci yerdədir.
Gürcüstan təcrübəsindən danışan Transparency International-ın Gürcüstan ofisinin icracı direktoru Eka Giqauri deyir ki, bu ölkədə korrupsiya ilə əsaslı mübarizə 2003-cü il “Qızılgül inqilabı”ndan sonra başlanıb.
Rüşvətxor olmaq ayıb sayıldı
O bildirir ki, bu ölkədə mübarizə həm aşağılarda rüşvətə qarşı, və həm də yuxarı hakimiyyət orqanlarında korrupsiyaya qarşı aparıldı və bir neçə aya aşağı səviyyədə rüşvət aradan qaldırıldı:
“Əsas məsələ kadr islahatı oldu. Polis sisteminin əksər hissəsi dəyişdirildi. Hətta deyərdim ki, dövlət qurumlarında işləyənlərin 90 faizi yeniləri ilə əvəzləndi. Yeni işə götürmə prosesi çox şəffaf oldu: müsahibələr, müsabiqələr keçirildi. Əksər dövlət qurumlarında daxili audit şöbəsi yaradıldı. Bu şöbələr dövlət resurslarının necə xərclənməsinə nəzarət etdi. Bürokrasiya azaldıldı. Dövlət səviyyəsində korrupsiyaya nəzarət qurumu fəaliyyət göstərməyə başladı. Korrupsiyaya qarşı dözümlülük sıfra endirildi”.
Eka Giqauri deyir ki, ölkədə əldə olunan nailiyyətlərdən biri də korrupsiyaya münasibətin dəyişməsi oldu.
Belə ki, hətta nazirlərin və yüksək post tutan şəxslərin biznes-klassda uçması, lüks həyat yaşaması da tənqid olunmağa başladı. Və beləliklə bu tədbirlər Gürcüstanda rüşvətxor olmağı dəbdən saldı:
“Mədəniyyət dəyişdi. Artıq rüşvət almaq utanc gətirən hərəkət sayılmağa başladı. 90-cı illərin əvvəlində yaxşı ailədən olmaq varlı ailədən olmaq sayılırdı və varlı ailələr də çox vaxt elə korrupsioner ailələr olurdu. Amma sonradan bu baxış dəyişdi”.
Azad media və məhkəmələr olmasa…
Eka Giqauri deyir ki, korrupsiya ilə mübarizənin ilk illərində hakimiyyətin yuxarı eşalonunda mübarizə uğurla aparılsa da, daha sonra bu tendensiya zəifləməyə başlayıb.
O əlavə edir ki, korrupsiya ilə mübarizə üçün önəmli olan demokratiyanın – məhkəmə və media sisteminin ayaqda qalmasıdır. Əgər məhkəmə və polis dövlətə yox, siyasi hakimiyyətə xidmət edirsə, bu zaman korrupsiyanı aradan qaldırmaq çətin olacaq.
Azərbaycan prezidenti İlham Əliyev isə korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair növbəti sənədi bu ay, aprelin 4-də imzalayıb.
2022-2026-cı illər ərzində korrupsiya ilə mübarizənin gücləndirilməsini nəzərdə tutan sənəd bu sahədə görülməli olan işlər barədədir.
Amma buna qədər də prezident özü və başqa hakimiyyət təmsilçiləri çıxışlarında ölkədə korrupsiya ilə mübarizə aparıldığını deyir, xüsusilə son illər çox sayda rayon icra hakimiyyəti başçılarının həbsini, rüşvətə son qoymaq üçün ASAN Xidmət mərkəzlərinin yaradılmasını buna misal kimi göstərirlər.
Prezidentin özü və ailəsi
Amma iqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, bu tədbirlərə rəğmən ölkədə dövlət büdcəsinin xərclənməsində korrupsiya halları qalır və mübarizə tədbirlərinin fayda verməməsinin əsas səbəbi idarəetmə sistemində qüvvələrin hakimiyyətə loyallığının maddi yollarla əldə olunmasındadır:
“Başqa ideoloji bağ yoxdur hakimiyyətdəki məmurları sistemdə saxlamaq üçün. Ona görə də korrupsiyanı saxlamağa məcburdurlar”.
Natiq Cəfərli hesab edir ki, korrupsiyanı aradan qaldırmağın yolu azad seçki, azad məhkəmə, qanunveriici hakimiyyət və mediadan keçir.
Azərbaycanda korrupsiyanın səviyyəsi barədə danışanda xüsusilə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP prezidentin özünün ailəsinə diqqət çəkir, onun ailə üzvlərinin ölkədə gəlirli biznes sahələrinə nəzarət etdiklərini, korrupsiya piramidasının əslində üzü yuxarı – hakimiyyətə doğru getdiyini deyir.
Hərçənd hakimiyyət təmsilçiləri bu iddiaları bir qayda olaraq əsassız, siyasi hakimiyyətə təzyiq cəhdi kimi qiymətləndirirlər.